Uzuncorab Peppi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

1. PEPPİ “TOYUQ” VİLLASINA KÖÇÜR

I. Peppi “Toyuq” villasına köçür

Kiçik bir İsveç şəhərinin kənarında çoxdan bəri baxımsız qalmış bir bağ var. Bu bağda zamanın təsirindən köhnəlib-çürümüş bir ev durur. Uzuncorab Peppi həmin bu evdə yaşayır. O, doqquz yaşındadır, lakin təsəvvür edin ki, Peppi bu evdə tək-tənha olur. Onun nə atası var, nə anası. Sözün düzü, bunun öz üstün cəhətləri də var – oyunun ən qızğın çağında onu yatmağa çağıran olmur, könlündən konfet keçəndə isə kimsə onu balıq yağı içməyə məcbur etmir.

Əvvəllər, atası yanında olanda Peppi onu çox istəyirdi. Əlbəttə, bir zamanlar onun anası da olub, lakin Peppi onu xatırlaya bilmir. Peppi körpə ikən anası vəfat etmişdi. O inanırdı ki, anası indi göylərdə yaşayır və oradan həmişə öz qızına baxır. Ona görə Peppi tez-tez anasına əl eləyib deyir:

– Qorxma, ana! Məndən nigaran qalma.

Atasını isə Peppi çox gözəl xatırlayır. O, uzaq səfərlərə çıxan gəmi kapitanı idi. Onun gəmisi dənizləri, okeanları yarıb keçərdi. Peppi də həmişə atasının yanında olardı. Ancaq bir dəfə güclü fırtına qopdu və nəhəng dalğa atasını çəkib dənizə apardı və o, yox oldu. Bununla belə, Peppi inanırdı ki, günlərin bir günü atası qayıdıb gələcək. Çünki atasının dənizdə batmasını heç cür ağlına sığışdıra bilmirdi. Qız belə qərara gəlmişdi ki, atası zəncilərlə dolu olan bir adaya düşüb, özü də onların kralıdır və bütün günü başında qızıl tac gəzdirir. Peppi öyünərək təkrar-təkrar deyirdi:

– Atam zəncilərin kralıdır! Hər qızın belə atası ola bilməz! Atam qayıq düzəldib dalımca gələcək və mən zənci şahzadəsi olacağam.

“Toyuq” villası adlanan bu köhnə villanı atası neçə il əvvəl almışdı. Qocalıb artıq gəmi idarə etmək gücündə olmadıqda Peppi ilə bura köçmək fikrində idi. Atası dənizdə yox olandan sonra Peppi birbaş “Toyuq” villasına gəlib burada onun yolunu gözləməyə başladı. Otaqlarda mebel, mətbəxdə qab-qacaq vardı. Sanki hər şey Peppinin buradakı rahat güzəranı üçün hazırlanmışdı. Peppi atasının matrosları ilə vidalaşarkən sakit bir yay axşamı idi. Matroslar qızcığazı, qızcığaz da matrosları elə çox istəyirdi ki, ayrılanda yaman qüssələndilər. Peppi növbə ilə onların hər birinin alnından öpüb dedi:

– Salamat qalın, uşaqlar! Məndən nigaran olmayın!

Peppi özü ilə ancaq atasının bir zaman ona bağışladığı cənab Nilson adlı balaca meymuncuğazı, bir də ağzınacan qızıl pulla dolu böyük bir çamadanı götürmüşdü. Matroslar göyərtədə düzülüb qız gözdən itənədək kədərli-kədərli onun arxasınca baxdılar. Peppi bir dəfə də olsun geri dönmədən qəti addımlarla uzaqlaşırdı. Peppi döngəni burulanda matros Fridolf göz yaşını silərək dedi:

– Yola salmağa da qoymadı… Qəribə qızdır… Eh, onu heç tutub saxlamaq olardı…

O, düz deyirdi. Həqiqətən də, Peppi qəribə qız idi. Ən çox heyrət doğuran onun qeyri-adi fiziki qüvvəyə malik olması idi. Yer üzündə onunla bacara biləcək bir polis nəfəri də tapılmazdı. O istəsəydi, çox asanlıqla öz atını belə göyə qaldıra bilərdi. Həmin atı Peppi öz villasına köçdüyü gün almışdı. At Peppinin çoxdankı arzusu idi. Eyvanda ona yer də eləmişdi. Nahardan sonra Peppi həmin eyvanda bir fincan qəhvə içmək istədikdə atı asancana qucağına alıb bağa düşərdi.

“Toyuq” villasının qonşuluğunda bağ-bağat içində başqa bir ev də var. Həmin evdə ata, ana və iki qəşəng uşaq – oğlan və qız yaşayırlar. Oğlanın adı Tommi, qızınkı isə Annikadır. Bunlar tərbiyəli, sözəbaxan, mehriban uşaqlardır. Tommi heç vaxt heç kimdən heç nə istəmir və anasının bütün tapşırıqlarını sözsüz yerinə yetirir. Annika da istədiyinə nail olmayanda şıltaqlıq etmir və özünün tərtəmiz kraxmallı çit paltarında çox yaraşıqlı görünür. Tommi və Annika mehriban-mehriban öz bağlarında oynasalar da, bəzən darıxar, özlərinə bir dost arzulayardılar. Peppi hələ dəniz və okeanlarda atası ilə üzən zaman Tommi ilə Annika bəzən hasara dırmaşar, “Toyuq” villasına baxıb deyərdilər:


– Heyif ki, o evdə heç kim yaşamır. Kaş bu evə uşaqlı bir ailə köçəydi. Lap qiyamət olardı.

Xoş yay axşamı Peppi ilk dəfə öz villasına qədəm qoyanda Tommi və Annika evdə yox idilər. Anası onları bir həftəliyə nənəsigilə qonaq göndərmişdi. Ona görə də axşamçağı nənəsigildən qayıdan uşaqlar qonşu evə kiminsə köçdüyünü heç ağıllarına da gətirə bilməzdilər. Səhər uşaqlar küçə qapısının ağzında durub nə işlə məşğul olacaqları haqda düşünürdülər. Elə bu vaxt qonşu evin qapısı açıldı və bir qız küçəyə qaçdı. Bu qız Tommi və Annikanın gördükləri qızlardan ən qəribəsi idi.

Uzuncorab Peppi səhər gəzintisinə çıxmışdı. Onun qəribə görkəmi vardı: sıx, sarışın hörüklərinin hərəsi bir yana baxırdı; çil-çil burnu bapbalaca kartofa oxşayırdı, iri dişləri ağarırdı. Əynindəki mavi rəngli paltarının bəzi yerlərinə qırmızı parçadan quraq verilmişdi. Yəqin, mavi rəngli parça çatmayıbmış. Uzun, ağır ayaqlarının birinə qəhvəyi, o birinə isə qara rəngli uzun corab geymişdi. Çox böyük qara ayaqqabıları isə elə bil indicə ayağından çıxacaqdı. Bu ayaqqabıları atası Cənubi Afrikadan almışdı ki, Peppi böyüyəndə geysin.

Tommi və Annika bu yad qızın çiynindəki meymunu gördükdə heyrətdən donub-qaldılar. Meymuncuğazın əynində göy şalvar, sarı gödəkcə, başında isə ağ həsir şlyapa vardı.

Peppinin bir ayağı səkidə, o biri ayağı yolun ortasında idi. Elə beləcə də gedirdi. Tommi və Annika gözlərini ondan çəkmir, qız döngəni burulanacan arxasınca baxırdılar. Çox keçmədi ki, o yenə geri qayıtdı, lakin indi daldalı gəlirdi. Tommi və Annikagilin qapılarına çatanda ayaq saxladı. Bir anlıq uşaqlar dinməzcə baxışdılar. Nəhayət, Tommi soruşdu:

– Xərçəng kimi daldalı niyə yeriyirsiniz?

– Xərçəng kimi daldalı yeriyirəm? – Peppi suala sualla cavab verdi. – Deyəsən, biz azad ölkədə yaşayırıq, eləmi? Məgər hər bir kəs istədiyi kimi yeriyə bilməz? Onu da bilin ki, Misirdə hamı belə yeriyir və bu heç kəsi zərrə qədər də təəccübləndirmir.

– Haradan bilirsən? – Tommi xəbər aldı – Axı sən Misirdə olmamısan…

– Nə?! Mən Misirdə olmamışam?! – Peppi özündən çıxdı. – Elə isə yadında saxla: mən Misirdə də olmuşam, hələ desən bütün dünyanı da gəzib-dolaşmışam, hər cür əcaib şeylərə də doyunca tamaşa eləmişəm. Mən xərçəng kimi daldalı yeriyən insanlardan da maraqlı şeylər görmüşəm. Əgər hindlilər kimi mən də küçədə əllərim üstə gəzsəydim, onda, görəsən, nə deyərdin?

Tommi dedi:

– Bəsdir, yalan danışma!

Peppi bir dəqiqə susub kədərlə dedi:

– Elədir, mən yalan danışıram.

Annika da, nəhayət, ürəklənib dilləndi:

– Başdan-ayağa yalandır!

Peppi daha çox kədərləndi:

– Düzdür, başdan-ayağa yalandır. Çünki mən olub-olmayan şeyləri hərdən çaşbaş salıram. Axı anası göylər məleykəsi, atası okeandakı adada zənci kralı olan balaca qızdan necə tələb edə bilərsən ki, o, həmişə doğru danışsın. – Peppinin çil-çil üzü güldü. – Onu da bil ki, bütün Belçika Konqosunda doğru danışan adam tapılmaz. Orda hamı bütün günü yalan danışır. Odur ki təsadüfən sizə yalan desəm, məndən inciməyin. Axı mən uzun müddət Belçika Konqosunda yaşamışam. Buna baxmayaraq biz dost ola bilərik, elə deyilmi?

– Əlbəttə! – Tommi ucadan səsləndi və əmin oldu ki, bu günü cansıxıcı adlandırmaq olmaz.

Peppi soruşdu:

– Gəlsəniz indi mənimlə səhər yeməyinə bizə gedəsiniz, hə?

– Doğrudan a, – Tommi razılaşdı. – Nə üçün də getməyək? Getdik!

– Qiyamət olar! – Annika da çığırdı. – Gedək! Tez olun, gedək!

– Dayanın, – birdən Peppi nəsə xatırladı. – Mən əvvəlcə sizi cənab Nilsonla tanış etməliyəm.

Meymuncuğaz bu sözləri eşitcək şlyapasını çıxarıb ədəblə baş əydi.

Peppi sınıq-salxaq qapını itələyib açdı, uşaqlar çınqıl döşənmiş cığırla evə tərəf getdilər. Bağda mamır basmış nəhəng ağaclar ucalırdı. Sanki bu ağaclar başlarına dırmaşmaq üçün yaranmışdı. Uşaqların üçü də eyvana qalxdı. Eyvanda bir at durmuşdu. O, başını şorba qabına salıb yulaf gövşəyirdi.

– Mənə bax, bu at eyvanda niyə durub? – Tommi təəccüblə soruşdu.

Peppi fikirli halda dedi:

– Çünki mətbəxdə əl-ayağa dolaşa bilər, qonaq otağında isə çoxlu mebel olduğundan özünü narahat hiss edərdi.

Tommi və Annika ata baxıb evə girdilər. Burada mətbəxdən başqa daha iki otaq – yataq və qonaq otağı vardı. Tommi və Annika ehtiyatla ətrafa göz gəzdirirdilər.

– Sən burda lap tək qalırsan? – Annika qorxmuş halda soruşdu.

– Əlbəttə yox, biz burda üçümüz qalırıq: cənab Nil-son, at və mən.

– Bəs atan-anan yoxdur?

– Yoxdur.

– Bəs axşamlar sənə kim “yatmaq vaxtıdır” deyir?

– Özüm. Əvvəlcə çox mehribanca özümə deyirəm: “Peppi, uzan yat”. Qulaq asmasam, onda ciddi təkrar edirəm. Bu da faydasız olanda mən yamanca özümü cəzalandırıram. Bildin?

Tommi və Annika deyilənləri büsbütün başa düşməsələr də, fikirləşdilər ki, bəlkə, bu o qədər də pis deyil.

Peppi üç yumurtanı unla çalıb tavada kökə bişirdi. Uşaqlar ləzzətlə yedikdən sonra o, təzə dostlarını qonaq otağına dəvət etdi. Qonaq otağında bircə komod qoyulmuşdu. Onun saysız-hesabsız xırda gözləri vardı. Peppi komodun gözlərini bir-bir açaraq qoruduğu qiymətli şeyləri Tommi və Annikaya göstərməyə başladı.

Burada nadir quş yumurtaları, qəribə balıqqulaqları, rəngbərəng dəniz daşları vardı. Atası ilə dünya səyahətinə çıxdığı zamanlar Peppinin aldığı naxışlı qutucuqlar, gümüşü haşiyəli xırda, incə güzgülər, muncuqlar və başqa-başqa qəribə şeylər də vardı. Peppi elə bu vaxt təzə dostlarına yadigar olaraq bir şey bağışlamaq istədi. Sədəf dəstəkli xəncəri Tommiyə, üstündə çoxlu ilbiz həkk olunmuş mücrünü isə Annikaya bağışladı. Mücrünün içində balaca yaşılqaş bir üzük də vardı.

Peppi uşaqlara dedi:

– İndi isə hədiyyələrinizi götürüb evinizə gedin. Çünki indi getməsəniz, sabah bura gəlməyə sizə icazə verməzlər.

Tommi ilə Annika da bu fikirdə idilər. Odur ki durub evlərinə yollandılar. At yeməyini yeyib qurtarmışdı. Uşaqlar qaçaraq bağdan çıxanda cənab Nilson papağını yelləyib onlarla vidalaşdı.

 

II. Peppi davaya düşür

Ertəsi gün Annika yuxudan erkən oyandı. Cəld yatağından qalxıb səssizcə qardaşına yanaşdı:

– Oyan, Tommi, – pıçıldayıb qardaşının qolundan dartmağa başladı. – Tez ol, oyan, yenə o iri çəkməli qəribə qızgilə gedək.

Tommi dərhal gözlərini açıb dedi:

– Yuxuda gördüm ki, bizi çox maraqlı hadisə gözləyir. Amma dəqiq nə olduğunu xatırlaya bilmirəm.

İkisi də vanna otağına qaçdı; tələsik əl-üzlərini yuyub dişlərini fırçaladılar, geyindilər və həmişəki vaxtdan bir saat tez mətbəxə düşüb masa arxasında oturdular. Təəccüblə onlara baxan anaları soruşdu:

– Belə tezdən niyə durmusunuz? Hara tələsirsiniz?

– Qonşu evə köçən qızın yanına gedirik, – Tommi cavab verdi. Annika da əlavə etdi:

– İstəyirik bütün günü onunla oynayaq.

Peppi bu səhər kökə bişirməyə hazırlaşırdı. O, çoxlu xəmir yoğurub elə döşəmədəcə yaymağa başladı. Elə bu zaman qapının zəngi çalındı.

Dəyirmançı kimi başdan-ayağa una bulaşmış Peppi cəld ayağa qalxıb qapını açmağa cumdu. O, Tommi və Annika ilə əl verib görüşəndə hər üçü una bulaşdı.

– Mənə baş çəkdiyiniz üçün sizə minnətdaram, – Pep-pi önlüyünü dartıb çıxaranda un dumanı qalxdı.

Bolluca un tozu udmuş Tommi və Annikanı öskürək tutdu.

Peppi yenə oxlovu əlinə aldı.

Sandığın üstündə oturmuş Tommi və Annika kinoya baxırlarmış kimi Peppinin döşəmədə necə xəmir yaymağına, kökələri necə tavalara tullamağına və tavaları sobaya qoymağına tamaşa edirdilər.

– Vəssalam, – Peppi sonuncu tavanı da, nəhayət, sobaya basıb qapağını çırparaq örtdü.

Tommi xəbər aldı:

– İndi biz nə edəcəyik?

– Sizin nə etmək istədiyinizi bilmirəm, mən isə avaraçılıq etməyəcəyəm. Axı mən dilektoram… Dilektorun isə bircə dəqiqə də boş vaxtı olmur.

– “Dilektor” nə deməkdir? – Tommi xəbər aldı.

– Dilektor – həmişə və hər yerdə qayda-qanun yaradan deməkdir. – Yer üzündə o qədər dağılıb qalmış şey-şüy var ki… biri o şeyləri nizama salmalıdır, ya yox? Bax bunu dilektor edir!

Annika soruşdu:

– Nə şey-şüy?

– Cürbəcür şey-şüy. Qızıl külçələr, dəvəquşu lələkləri, ölü siçovullar, rəngbərəng nabatlar, balaca qaykalar və başqa nə bilim nələr…

Tommi və Annika belə qərara gəldilər ki, nizam yaratmaq çox maraqlıdır və onlar da dilektor olmaq istədilər. Üstəlik, Tommi dedi ki, qayka yox, qızıl külçə tapmaq ümidindədir. Peppi də əlavə etdi:

– Görək bəxtimizə nə çıxacaq. Hər halda, bir şey taparıq. Amma yubanmaq olmaz. Yoxsa bir də gördün ki, başqa dilektorlar tökülüşüb gəldilər və buralarda atılıb qalmış bütün qızıl külçələrini daşıyıb apardılar.

Üç dilektor yubanmadan yola düşdü. Onlar əvvəlcə evlərin ətrafında qayda yaratmağı qərara aldılar. Çünki Peppi dedi ki, yaxşı şeylər, adətən, yaşayış yerlərinin yaxınlığında olur, hərçənd bəzən meşə cəngəlliklərində də qayka tapmaq mümkündür.

– Yadımdadır, mən səyahətlərin birində Borneo adasının cəngəlliklərində qayda yaratmaq istədim. İnsan ayağı dəyməyən o cəngəllikdən heç bilirsiniz nə tapdım?.. Əsl süni insan ayağı, özü də təptəzə. Sonra onu təkayaqlı şikəst qocaya bağışladım və o dedi ki, belə qiyamət taxta parçasını heç bir pula ala bilməzdi.

Tommi və Annika əsl dilektora bənzəmək üçün gözlərini Peppiyə zilləmişdilər. Peppi isə bu səkidən o səkiyə qaçır, uzağı yaxşı görmək üçün əlini gözünün üstünə qoyur və yorulmadan nəsə axtarırdı.

– Nə tapsan özünə götürmək olar? – Annika soruşdu.

– Yerdən nə tapsan olar, – Peppi razılaşdı.

Onlar yollarına davam etdilər. Birdən Peppi dəlicəsinə bağırdı:

– İndi mən doğrudan da nəsə tapmışam! – Otluğun içinə atılmış paslı konserv qutusunu göstərdi. – Bax buna deyərəm tapıntı! Bax bu lap əla oldu! Belə qutu həmişə kara gələr.

Tommi təəccüblə qutuya baxıb soruşdu:

– O nəyə kara gələr?

– Nəyə desən. Birincisi, onun içinə pryanikləri qoymaq olar və o, Pryanikli Qiyamət Qutuya çevrilər.

Peppi paslı və deşikli qutuya diqqətlə baxıb dedi:

– Onu başa da qoymaq olar. Bax belə! Baxın, o mənim bütün üzümü örtdü. Gör necə qaranlıq oldu! İndi mən gecə oyunu oynayacağam.

Peppi başında qutu küçədə obaş-bubaşa qaçmağa başladı, axırda məftil parçasına ilişib yerə sərələndi. Qutu cingilti ilə qanova diyirləndi.



– Gördünüz, – Peppi qutunu qaldırdı. – Bax bu qutu olmasaydı, burnum əziləcəkdi.

– Məncə, o qutunu başına taxmasaydın, – Annika əlavə etdi, – heç məftilə də ilişməzdin…

Peppinin sevincək səsi Annikanın sözünü kəsdi. O, sap çarxı tapmışdı:

–Bu gün bəxtim yamanca gətirir! Gör bir nə yaxşı balaca çarxdır! Bu çarxdan elə sabun köpükləri üfürüb çıxartmaq olar ki! Sap keçirdib boynumdan muncuq kimi də asa bilərəm. Mən sap üçün evə getdim.

Elə bu zaman çəpərlərdən birinin doqqazı açıldı və bir qız təşvişlə küçəyə çıxdı. Onun bərk qorxduğu üzündən görünürdü. Buna səbəb beş oğlan uşağının onu təqib etməsi idi. Oğlanlar onu dövrəyə alıb divara dirədilər. Beşi də qızı əzişdirməyə başladı. Qız ağladı və qorunmaq üçün əlləri ilə üzünü örtdü.

– Döyün onu, uşaqlar! – oğlanlardan ən böyüyü və güclüsü qışqırdı. – Elə döyün ki, bir də bizim küçəyə ayaq basmasın.

– Ay aman! – Annika qışqırdı. – Onlar Villeni döyürlər!.. Yaramazlar!

Tommi də əlavə etdi:

– O zorbanın adı Benqtdir. Yaman davakardır, özü də pis oğlandır. Ora baxın, beşi də bir qızın üstünə düşüb!

Peppi oğlanlara yanaşıb şəhadət barmağını Benqtin kürəyinə vurdu.

– Ey, balaca Ville ilə təkbətək dalaşsana! Niyə onu təkləmisiniz?

Benqt geri dönüb əvvəllər burada rast gəlmədiyi qızı gördü. Bəli, bəli, qətiyyən tanımadığı bu qız hələ bir cürət edib barmağı ilə də onu vurmuşdu. O, heyrətdən bir anlıq yerində donuxub qaldı, sonra barmağı ilə Peppini göstərərək dedi:

– Hey, uşaqlar, Villedən əl çəkin. Bu eybəcər müqəvvaya bir baxın!

O, gülməkdən uğunub getdi, əlləri ilə dizlərindən yapışaraq qəhqəhə çəkirdi. Oğlanlar dərhal Peppini dövrəyə aldılar, Ville isə göz yaşlarını silə-silə sakitcə Tomminin yanına çəkildi.

– Siz bir onun saçlarına baxın! – Benqt sakitləşmirdi. – Alov kimi yanır. Ayaqqabılarına, ayaqqabılarına bir bax! Hey, bəri bax, o ayaqqabılarının birini mənə borc versənə, çoxdandır ki, qayıqda gəzmək istəyirdim, bilmirdim haradan tapım.

O, Peppinin hörüyündən yapışdı və qəsdən üz-gözünü büzüb əlini çəkdi.

– Ay aman, əlim yandı!

Oğlanların beşi də Peppinin ətrafında atılıb-düşərək “Kürən! Kürən!” – deyə bağırışırdı.

Peppi isə onu dövrəyə almış oğlanların arasında durub ürəkdən gülürdü.

Benqt güman edirdi ki, qız hirslənəcək, bəlkə də, ağlayacaq. Sözlə qızı özündən çıxartmaq mümkün olmadığını gördükdə Benqt onu itələdi.

– Xanımlarla nəzakətlə rəftar etmək lazımdır, – Pep-pi güclü əlləri ilə Benqti qamarlayıb yuxarıya elə tulladı ki, o, yaxınlıqdakı tozağacının budağından asılı qaldı. Sonra da o biri oğlanı qamarlayıb başqa bir budağa atdı. Üçüncünü villa qapısının kəlləsinə tulladı. Dördüncü hasarın üstündən uçaraq birbaş gül ləkinə düşdü. Beşinci oğlanı isə yolda durmuş oyuncaq arabacığına basdı.

Peppi, Tommi, Annika və Ville sükut içərisində dayanıb heyrətdən dilləri tutulmuş oğlanlara baxırdılar.

– Ay qorxaqlar! – Peppi, nəhayət, çığırdı. – Beşiniz də bir qızın üstünə hücum etmisiniz – bu axmaqlıqdır! Tfu, nə pis uşaqlarsınız… Ayıb olsun sizə! Tommi, Annika, biz evə getməliyik. Ville, bir də onlar cürət edib barmaqlarının ucu ilə belə sənə toxunmuş olsalar, mənə xəbər verərsən.

Peppi başını yuxarı qaldırıb budaqda hələ də asılı qalmış, qorxusundan cınqırını çıxarmayan Benqtə dedi:

– Bəlkə, saçlarımın rəngindən, ayaqqabılarımın böyüklüyündən yenə də nəsə demək istəyirsən? Hələ ki burdayam, döşə gəlsin, utanma.

Lakin Benqtin ağzını açmağa belə halı qalmamışdı. Peppi tələsmədən dəmir qutunu və çarxı yerdən götürüb Tommi və Annika ilə evlərinə yollandı.

Öz villalarına çatanda Peppi dedi:

– Əzizlərim, heç bilirsiniz mən necə təəssüflənirəm: mən iki qiyamət şey tapdım, amma siz heç nə tapma-mısınız. Həvəsdən düşməyin, bir az da axtarın. Tommi, bəlkə, sən bax o böyük ağacın oyuğuna baxasan? Di-lektorlar belə ağacları yoxlamamış ötüb-keçməzlər.

Tommi dedi ki, onsuz da nə özü, nə də bacısı dəyərli bir şey tapa bilməyəcəklər. İndi ki Peppi xahiş edir, o axtarar və əlini oyuğa saldı.



– Bu nədir belə? – Tommi təəccüblə qışqırdı və oyuqdan meşin üzlü, yaraşıqlı cib dəftərçəsi və balaca gümüşü karandaş çıxartdı. – Möcüzədir! – Tommi öz tapdığına maraqla baxırdı.

– Gördün! İndi gördün ki, dünyada dilektor olmaqdan yaxşı iş yoxdur. Annika, indi də sən o kötüyün altını eşələ. Adətən, qoca kötüklərin altından əla şeylər tapmaq olur.

Peppinin məsləhətinə əməl edən Annika kötüyün altından qırmızı mərcan boyunbağı tapdı. Təəccübdən ağızları açıla qalmış bacı-qardaş qərara gəldilər ki, bundan sonra həmişə dilektor olacaqlar. Birdən Peppinin yadına düşdü ki, bu gün səhərə yaxın yuxulamışdı və o, dərhal yatmaq istədi.

– Xahiş edirəm, mənimlə yataq otağına gedək, üstümü yorğanla əməlli-başlı basdırın.

Peppi çarpayısının qırağında oturub ayaqqabılarını çıxartmağa başlayanda fikirli-fikirli dedi:

– Yaramaz Benqt! Qayıqda gəzmək istəyinə bir bax!

– Nifrətlə çımxırdı. – Onun dərsini gələn dəfə verərəm!

Tommi ədəblə soruşdu:

– Peppi, doğrudan, sənin ayaqqabıların niyə belə iridir?

– Elə rahatdır, – Peppi yatağına uzandı. O, ayaqlarını balışın üstünə qoyub, başını yorğanın altında gizlədib yatmağa vərdiş etmişdi.

– Qvatemalada hamı belə yatır. Məncə, bu, yeganə doğru və düzgün yatmaq üsuludur. Belə yatmaq çox rahatdır. Siz laylaysız yuxulaya bilirsiniz? Mən mütləq özümə laylay çalmalıyam, yoxsa gözlərimə yuxu getməz.

Bir saniyə keçməmişdi ki, Tommi və Annika yorğanın altından anlaşılmaz qəribə səslər eşitdilər. Peppi özünə laylay çalırdı. Uşaqlar onu narahat etməmək üçün barmaqlarının ucunda qapıya tərəf getdilər. Otaqdan çıxanda bir daha geri dönüb balışın üstündə ancaq Peppinin ayaqlarını gördülər.

Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»