Kazanova

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

AVANTÜRİSTLƏR

-Bu qadın, sənin tək şansının, insanların axmaqlığı olduğunu bilirmi?

(Kazanovanın, kart oyununda hiyləgərlik edən Croceyə dediyi sözlər)

Yeddi illik müharibədən Fransız inqilabına gəlincəyə qədər keçən İyirmi beş illik qısa bir müddət içərisində Avropada tam bir durğunluq hakim olur. Habsburqlar, Burbonlar və Hohenzollernlər savaşmaqdan yorğun düşüblər. Burjuaziya səssizlik içərisində, qalın bir tütün dumanının arxasında sakit-sakit oturub; əsgərlər saçlarının ucunu pudralayır və artıq işə yaramaz hala gəlmiş silahlarını parıldadırlar; fəlakət yaşamış ölkələr axır ki bir azacıq nəfəs ala bilirlər. Amma savaş olmayanda hökmdarların canı sıxılır. Bütün Alman və İtalyan kiçik şahzadələri və daha başqaları, kiçicik paytaxtlarında beləcə sıxılırlar və özlərinə bir əyləncə tapmaq istəyirlər.

Bu zavallı şahzadələr və hersoqlar, böyükləri təqlid etdikləri və önəmli işlər görə bildikləri zaman xoşbəxt idilər, ancaq indi, yenidən inşa edilməsi təzəcə bitmiş və hələ soyuq və rütubətli olan rokoko stilindəki şatoları içərisində qorxunc dərəcədə hüzünlü bir həyat sürürlər; bütün o gözəl bağçalarına, çeşmələrinə, limonluqlarına, qala bürclərinə, qalerilərinə, ov qoruqlarına və xəzinələrinə baxmayaraq canları sıxılır. Xalqdan topladıqları pullarla və Parisdən gələn rəqs müəllimlərindən alayarımçıq öyrəndikləri davranışlarla Trianon və Versaillesa bənzəmək istəyirlər və böyük şəhər ya da paytaxt həyatını yaşamaq və XIV Luis kimi bir kral olmaq istəyirlər.

Buna görə duyduqları həsrət hissi ilə bəzən bir sənətsəvər və fikir adamı halına belə gəlirlər; Volter və Didro ilə məktublaşırlar; Çin porselenləri, Orta Əsrlərə aid medalyonlar, barokko tərzində sənət əsərləri toplayırlar; Fransız aktyorlarını, İtalyan musiqiçilərini və rəqqaslarını evlərinə dəvət edirlər və yalnız Veymar hersoqu, sərrast bir hərəkətlə, sarayına Şiller, Göte və Herder adlı bir neçə Almanı dəvət edir. Ayrıca çol donuzu ovları, su üzərində göstərilən tamaşalar və teatr əyləncələri bir-birini izləyir, çünki dünya özünü yorğun hiss etdiyi zamanlar, hər dəfə, oyunlar, teatr, moda və rəqs özəl bir önəm qazanır; şahzadələr pul xərcləmə və cürbə-cür hünərlər göstərməkdə bir-birləriylə yarışırlar və bir-birlərini heyran etmək üçün, əyləndirməyi ən yaxşı bilən ən maraqlı adamları, ən yaxşı rəqqasları, musiqiçiləri, xədim edilmiş müğənniləri, filosofları, kimyaçıları, xoruz döyüşü ustalarını və orqan çalanları gətirdirlər.

Belə bir hərraca, Gluck və Hendel, Metastasio və Hasse kimi adamlar qədər ruhlarla təmas quran şəxslər və yüngül qadınlar, hava fişəngçiləri, böyük ovçubaşılar, librettoçular və balet ustaları da girə bilirlər, yetər ki bu şahzadəciklərdən hər biri, ən yaxşı, ən gözəl, ən moda olan şeyi öz sarayında görmək istəsin, əslində bütün bunları öz zövqləri üçün deyil, yeddi mil aralıdakı qonşularını hirsləndirmək üçün edirlər. Beləcə mərasimlər düzənləməkdə ustalaşmış müxtəlif insanlara və çeşid-çeşid mərasimlərə, daştan tikilmiş bir teatr binasına və opera salonlarına, səhnələrə və balet qruplarına sahib olanda özlərini xoşbəxt hiss edirlər; indi kiçik şəhərin can sıxıntısından qurtula bilmək və hamısı da bir-birinin bənzəri olan altmışa qədər aristokratın üzünə baxıb durğunluqdan irəli gələn qaçılmaz monotonluğa gerçək bir kübarlıq görüntüsü verə bilmək üçün təkcə bir şeyləri əksikdir: Əsilzadə ziyarətçilər, diqqəti çəkən qonaqlar, ara vermədən dünyanı dolaşan səyyahlar; bütün bunlar, cansıxıcı kiçik şəhərin ağır ritminə bir parça canlılıq toxumu qatacaq və sadəcə otuz küçəsi olan bir paytaxtın boğucu havasına, böyük dünyadan bir parça əsinti gətirəcəkdi.

Hər hansı bir saraydan belə bir dəvət gələn kimi, haydı baxaq görək, əldən diri olun, tez olun! – deyərək görürsən ki, tökülüşüb gəlirlər. Qarınları yerdə sürünərək, yüzə qədər cürbəcür maskalar taxmış və cürbəcür qılıqda insan, dünyanın hansı nöqtəsindən qaçıb gəldikləri, hansı yuvanın quşu olduqları bilinməyən bir sürü avantürist! Elə ertəsi günü, bir poçt arabası və İngilis faytonları ilə gəlib yetişirlər və dərhal, tənbəl-tənbəl, ən kübar otellərin ən aristokrat görünən otaqlarını kirələyirlər. Əyinlərinə hansısa Hindistan və ya Monqolustan ordusunun fantastik uniformalarını geymişlər, özlərinə saxta daş-qaşa bənzəyən təmtəraqlı adlar taxmışlar, eynilə ayaqqabılarındakı bəzəkli toqqalar kimi saxta olan adlar.

Onlar bütün dillərdə danışa bilirlər, bütün şahzadələri və böyük adamları tanıdıqlarını iddia edirlər; bütün ordularda xidmət etdiklərini və bütün universitettlərdə oxuduqlarını söyləyirlər. Cibləri layihələrlə doludur; cəsarətli vədlər dillərindən düşmür; lotoreyalar və əlavə vergilər, dövlətlərarası sazişlər və fabrikalar kimi mövzularla əlaqəli planlar qururlar; qadınlar, nişanlar, axtalanmış müğənnilərdən basıb-bağlayırlar; öz ciblərində on qızıl belə olmadığı halda, qarşılarına çıxan hər kəsə tinctura aurinin (qızıl düzəltmə sənətinin) sirrini bildiklərini pıçıldayırlar. Hər sarayda fərqli bir texnikaya əl atırlar: Bəzən sirli bir şəkildə özlərinə farmazon bəzəyi vururlar, və ya masonluqda bəlli bir dərəcəyə çatmış biri imiş kimi davranırlar; bəzən, pul ehtirası ilə yanıb tutuşan bir şahzadənin yanındaykən, kimyagərlikdə və Teofrastın əsərləri üzrə mütəxəssismiş kimi ədabazlıq edirlər. Zövq düşkünü bir şahzadənin yanında, özlərini dürüst sələmçilər, pul qazanmağı yaxşı bilən təcrübəli şəxslər, vasitəçilər, qadın aradüzəldənlər olaraq göstərirlər; müharibədən xoşlanan bir şahzadənin yanında isə cəsus olaraq, incə ruhlu, düşüncə zövqlərindən xoşlanan bir şahzadənin yanında da filosof və şair olaraq boy göstərirlər; batil inancları olanlara ulduz falları ilə, tez inananlara müəyyən planlarla, qumarbazlara işarəli kartlarla və sadəlövhlərə kübar bir sosyete adamı görünütüsüylə yaxınlaşırlar. Amma bütün bunlar, kəşf edilməsi mümkün olmayan bir sirr və əcnəbiliyin anlaşılmaz haləsiylə əhatə olunmuş və onun cümbüşlü qıvrımları altında gizlənmiş, dolayısıyla daha da ilginc bir hal almışdı. Bataqlıqların üzərində görünən saxta alovlar kimi birdən-birə parlayaraq və təhlükəli bir şəkildə diqqətləri öz üzərlərinə çəkərək, sarayların sıxıcı və zəhərli havası içərisində titrəşmələr yaradaraq, parıltı saçaraq gah görünüb gah yox olan aldadıcı ruhlar kimi rəqs edərcəsinə, orada-burada dolaşırlar.

Saraya qəbul edilirlər, insanlar onlarla əylənir, amma azacıq da olsa bir dəyər vermirlər; gerçəkdən aristokrat olub olmadıqlarını, nişan üzüyü taxmış olan arvadlarının əsl arvadları olub olmadığını, yanlarında gətirdikləri qızların gerçəkdən bakirə olub olmadığını özlərinə dərd etmirlər. Çünki zövq verən bir şəxs, bir şahzadə üçün xəstəliklərin ən qorxuncu olan can sıxıntısını bir saatlığa da olsa dağıda bilən bir insan, materialist bir fəlsəfəylə pozulmuş o cür əxlaqdankənar şəraitdə yaxşı qarşılanır və ondan heç bir şey soruşulmur. Əyləndirdiyi və kobud şəkildə oğurluq etmədiyi müddətcə, ona, eynilə fahişələrə olduğu kimi, istəyərək qatlanılır. Bəzən bu hiyləbazlar və sənətçilər güruhu, aristokratcasına bir təpiklə bayıra atılır (məsələn, Mozartın başına gəldiyi kimi), bəzən balet salonundan həbsxanaya yuvarlanırlar və hətta, İmperatorluq Teatrının rejissoru Afflisio kimi, kürək məhkumluğuna qədər düşə bilirlər.

Ən ustaları gənə kimi yapışırlar, vergiləri toplayarlar, hamının favorisi olan bir fahişənin sevgilisi ya da bir saray aşüftəsinin lütfkar əri, bir beyzadə, hətta bir baron ola bilərlər. Amma çox vaxt, özülərnə yer edincəyə qədər gözləməmək ağıllılığını göstərirlər, çünki bütün cazibədarlıqları yeni olmalarından və kim olduqlarının bilinməməsindən qaynaqlanır; kart oyunlarında böyük bir səhvə yol verib nömrə basarlarsa, əllərini başqalarının cibinə uzadarlarsa, sarayda çox uzun bir müddət qalarlarsa, bir gün qəflətən kimsə çıxıb onların iç üzünü aça bilər və bellərindəki qamçı izlərini və ya kürək məhkumu damğasını hər kəsə göstərə bilərdi. Onları dar ağacından qurtara biləcək tək şey, tez-tez yer dəyişdirmələridir; buna görə də bu fırıldaqçılar, qaranlıq peşələrinin səyyar agentləri olaraq, bir saraydan o birinə gedən qaraçılar kimi, heç durmadan Avropanı dolaşırlar, beləcə, bütün bir XVIII əsr boyunca, Madriddən Peterburqa, Amsterdamdan Pressburqa, Parisdən Napoliyə doğru həmişə eyni insanlardan ibarət, görünməmiş bir dələduz sürüsü qaça-qovda olmuşdur.

Kazanovanın, hər qumar masasında və hər kiçik sarayda eyni dələduz dostlarla rastlaşması -Talvislər, Afflisiolar, Şverin və Saint-Germain kimi şəxslər – əvvəllər bir təsadüf olaraq görünə bilər; halbuki bu işi mənimsəmiş şəxslər üçün bu şəkildə tez-tez yer dəyişdirmək zövq olmaqdan çox, bir qaçışdır. Ancaq çox az bir zaman üçün təhlükədən uzaqdırlar; lakin birlikdə hərəkət etdikləri zaman özlərini qoruya bilirlər, çünki hamısı birdən vahid bir ailə olublar, ayrıca bir nişanı olmayan bir farmazonlar dəstəsi, bir macəraçılar qrupu halına gəliblər. Bir-birləriylə qarşılaşdıqları yerlərdə, fırıldaqçılıq məsələsi ortaya gəldiyi zaman, qarşılıqlı olaraq bir-birlərini dəstəkləyirlər; biri obirini kübar cəmiyyətlə tanış edir və qumar yoldaşını tanıdığı üçün onun adını, sanını və ünvanını təsdiq etmiş olur; qadınları dəyişdirirlər, qılıflarını dəyişdirirlər, adlarını dəyişdirirlər, fırıldaqlarından başqa hər şeylərini dəyişdirirlər.

Bu şəkildə, sarayların çevrəsində boş-boş dolaşıb duran bütün bu komediya oyunçuları, rəqqaslar, musiqiçilər, fırıldaqçılar, səfehlər, fahişələr və kimyagərlər (yezuitlər və yəhudilərlə birlikdə), dar qafalı və dar görüşlü oturuşmuş bir yüksək aristokratlar sinfi ilə hələ özünü xilas edə bilməmiş naməlum burjuaziya arasındakı yeganə millətlərarası birlik olaraq dünyada yerlərini alırlar. Nə birinə nə də digərinə girə bilirlər, müxtəlif siniflər və ölkələr arasında dolaşıb dururlar; -çox fərqli və müxtəlif bir sinifdir bu, bayraqsız və vətənsiz bir piratlar qrupu olaraq oradan oraya gedib gəlirlər. Onlarla birlikdə yeni bir dövr, yeni bir “başqalarını sömürmə sənəti” başlayır; artıq müdafiəsiz insanları soymurlar, yolçu arabalarına hücum çəkmirlər, özünü bəyənmişlərə qırmaq atırlar və sərsəmlərin ciblərinə əl uzadırlar. Güclü əzələlərdən qaynaqlanan cəsarətin yerinə, onlarda zəka var; hücum etmənin aqressivliyi, soyuq bir laqeydliklə yer dəyişdirmiş; soyğunçunun amansız yumruğunun yerini, psixologiya, ən incə, ən usta sənət almışdır. Pul kisələrinə əl atan bu yeni soyğun forması, dünya vətəndaşlığı və kübar davranışlarla ortaqlıq edir; bir zamanlar olduğu kimi yandırıb yaxacaqları və öldürəcəkləri yerdə, artıq hiyləli qumar kartları və saxta sənədlər işlədərək oğurlayırlar.

 

Onlarda hələ də, Yeni Hindistana doğru yelkən açanların və bütün ordularda muzdlu əsgər olaraq çalışıb meyvə və səbzə bağçalarını talan edənlərin, hər nə bahasına olursa-olsun həyatlarını dürüst burjua xidmətləriylə qazanmaq istəməyənlərin və qarşılaşacaqları təhlükə nə olursa-olsun, ciblərini bir anda doldurmaq istəyənlərin cürətli qanı var; ancaq baş vurduqları yollar, yöntəmlər daha incəlmiş, dolayısıyla üzləri və görünüşləri də daha incə və zərif bir hal almışdır. Artıq ağır yumruqlara, sərxoş üzlərə, boşboğaz əsgərlərin komandirlərinin qaba hərəkətlərinə rastlanmır onlarda; əlləri aristokrat bir şəkildə üzüklərlə bəzənib və saymaz başlarının üzərində pudralanmış bir parik daşıyırlar.

Durbinləriylə sağa sola baxırlar və rəqqaslar kimi tək ayaqları üzərində fır-fır fırlanmağı bacarırlar; artistlər kimi bəlağətli bir dilə (parlando) sahibdirlər və əsl filosoflar kimi dərin düşüncələrə dalmış görünürlər. Qumar masasında, əndişəli baxışlarını həyasızca gizləyərək hiyləgərlik edirlər və mənalı söhbətləri sayəsində qadınları saxta məhəbbətlərinə və saxta cəvahiratlarına inandırırlar.

Bir şey inkaredilməzdir: hamısında, onları simpatik edən zəkalı bir davranış və bir ruh bilgisi var; hətta aralarında bir neçəsi dahilik mərtəbəsinə çatmışdır. XVIII əsrin ikinci yarısı onların ən parlaq dövrü, qızıl dövrü, klassik dönəmləri olmuşdur; daha öncə XIV Luis zamanında Fransanın ən parlaq yeddi şairi Fransız şeirinə necə bir incəlik və gözəllik qazandırmışsa və daha sonra Almanyada o heyran olunacaq Veymar dönəmində dühanın yaradıcı şəkli nə cür qalıcı bir dəyər daşıyan bir neçə insanda toplanmışsa, o sıralarda da (XVIII əsrin ikinci yarısında) Avropa dünyası üzərində çox böyük bir şarlatanlığın və əbədi avantüranın yeddi böyük ulduzu zəfərlə parlamışdır. Çox keçmədən şahzadələrin ciblərini boşaltmaq artıq onları qane etmir; abırsızlıqla və görülməmiş bir şəkildə dövrün olaylarına qarışmışlar və dünya tarixinin böyük çarxını döndərməyə başlamışlar. Başqalarının tabeliyində xidmət edəcək və boyun əyəcək yerdə, utanmadan ön plana çıxmışlar; XVIII əsrin ikinci yarısını bu avantüristlərin oynadığı rol qədər açıq-aşkar şəkildə xarakterizə edən başqa heç bir şey yoxdur.

Con Lav, qaçaq irlandiyalı, çıxardığı saxta pullarla Fransız maliyyə sistemini partlama nöqtəsinə gətirmişdi. D'Eon, qadınla erkək arasında, cinsiyyəti və reputasiyası şübhəli bu varlıq, millətlərarası politikaya istiqamət vermişdir. Səy qafalı kiçik bir baron olan Neuhoff, gerçəkdən Korsika kralı və gerçək bir kral olmuş, amma bunu da əlavə etmək lazımdır ki, sonunda borclular həbsxanasına düşmüşdür. Kaqliostro, Sicilyalı cavan kəndli, həyatı boyunca əməlli oxuyub-yazmağı öyrənə bilməyən bu adam, Parisin diz çökdüyünü görmüş və məşhur boyunbağısıyla (Tarixə “Boyunbağı məsələsi” olaraq düşmüş olan olay; XVI Luis dönəmində, Kraliça Mariya Antoinettenin diqqətini cəlb etmək istəyən Kardinal Rohan, intriqaçı bir qadın olan Knyagina de la Motte tərəfindən aldadılır. Knyagina, Kardinala Kraliçanın 1.600.000 frank dəyərində bir boyunbağı istədiyini, ancaq Kralın buna razı olmadığını söyləyir. Kardinal boyunbağını məşhur bir zərgərdən alıb, Kraliçaya versin deyə Knyaginaya təslim edir; ancaq boyunbağı yoxa çıxır. Rohan pulunu ödəmədiyi üçün məsələ ortaya çıxır. Rohan Parisdən sürgün edilir, Knyagina isə qamçılanır və qızmar dəmirlə damğalanır. Kaqliastronun da bu işə bulaşdığı söylənir, eyni şəkildə o da Parisdən sürgün edilir – red.) başına corab hörəcək ipi krallığın əlinə vermişdir.

Yaşlı Trenckin hekayəsi ən acınacaqlısıdır, çünki bu avantürist adam, aristokratlara qarşı hər hansı bir günah işləmədiyi halda, axırda başını gilyotinə vermiş və qırmızı papağının altında bir hürriyət qəhramanının kədərli rolunu oynamışdır. Sen-Jermen, (Saint-Germain: Qeyri-adi yaddaşı ilə XV Luisin sarayını çaş-baş salan və bir neçə əsrdən bəri yaşadığını iddia edən avantürist – red.) yaşı bəlli olmayan bu sehirbaz, Fransa kralının müti bir şəkildə önündə diz çökdüyünü görmüşdür və doğum tarixinin bilinməyən sirri ilə, bu gün belə, elmi cəhdlərə meydan oxumaqdadır.

Hamısının əlində ən güclü insanlardakından daha çox güc vardır; bütün dünyanın marağını və diqqətini öz üzərlərinə çəkmişlər, ağıllı adamları ovsunlamış, qadınları yoldan çıxarmışlar; zənginləri soymuşlar və nə bir vəzifə nə də bir məsuliyyət altına girmədən, politika sahəsindəki kuklaların iplərini gizlicə çəkib oynatmışlar. Və bunların sonuncusu olan “amma ən pisi olmayan” bizim Cakomo Kazanovamız, bu dəstənin tarixini yazan və özündən bəhs edərkən digərlərini də təmsil edən bu adam, yüzlərcə başarısı və macərası ilə, bu unudulmaz və unudulmayacaq yeddiliyin, “hər biri bütün şairlərdən daha məşhur, dövrünün bütün politikaçılarından daha çox şey başarmış, hələ o zamanlar belə itib getməyə məhkum olan bir dünyaya qısa bir müddət hakim olmuş bu yeddiliyin – ən zövqlü, ən əyləncəli parçasını təşkil etməkdədir.

Gerçəkdən də, Avropadakı bu ağılasığmaz komediyanın və abırsızlığın bu böyük istedadlarının qəhramanlıq dövrü, cəmi-cümlatanı otuz ya da qırx il sürmüşdür; sonra onların ən tam nümunəsi, ən qüsursuz dühası, gerçəkdən şeytani bir macəraçı olan Napoleonun şəxsində öz-özünü yıxıb tükəndirmişdir. Talantın, qumar oynamaqdan başqa bir iş görmədiyi yerdə, dahilər böyük bir ciddiliklə hərəkət edər; ikinci dərəcəli rollarla kifayətlənməz, yalnız özü üçün, öz yaradıcı rolunu oynamaq üçün, bir səhnə olaraq bütün dünyaya sahib olmaq istərlər. Bonapart, bu mayasız balaca korsikalı, Napoleon adını aldığı zaman, burada artıq, Kazanova-Seingalt ya da Balsamo-Cagliostroda olduğu kimi, kübar bir adamın maskası altında qorxaqca gizlənən biriylə deyil, hər kəsin önündə qürurlu bir şəkildə öz dəyərini təsdiq edən və zəfərə çatmaq üçün oyunbazlığa girişəcək yerdə, onu öz haqqı olaraq görən üstün bir ruhla qarşı-qarşıya gəlmişik deməkdir.

Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»