Beş uşaq və O

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Beş uşaq və O
Шрифт:Меньше АаБольше Аа

© ALTUN KİTAB MMC – 2022

I fəsil. Gözəllər və yaraşıqlılar

Stansiyadan evə kimi ən az üç mil[1] məsafə qət etmək lazım gəlirdi. Ana köhnə, sınıq-salxaq, toz basmış bir karet tutmuşdu. Karet stansiyadan yenicə aralanmışdı ki, uşaqlar pəncərədən boylanaraq onu sorğu-suala tutdular:

– Çox qalıb?

– Hələ çatmırıq?

Nə çatmaq! Yola düşdükləri heç beş dəqiqə də olmamışdı! Yolun kənarında hər hansı bir tikili görünən kimi uşaqlar yenə bir ağızdan qışqırışdılar:

– O evdir?

– Gəlib çatdıq?

Ancaq bunlar başqa evlər idi…

Karetin qoşulduğu at yol boyunca asta-asta irəliləyirdi. Yol təbaşir karxanasını dolanıb təpəyə doğru qalxırdı. Nəhayət, karet son dəfə cırıldayıb silkələndi və dayandı.

İndi uşaqların gözləri qarşısında yamyaşıl, sıx ağaclarla əhatələnmiş ağ bir bina ucalırdı.

– Hə, gəlib çatdıq! – ana dedi.

– Bu ev necə də ağappaqdır! – Robert sevinclə qışqırdı.

– Hələ qızılgüllərə bir bax! – Anteya da həyəcanla dedi.

– Bura çox qəşəng yerdir! – Siril onlardan geri qalmayaraq səsləndi.

– Gəz-mək is-tə-yi-rəm, – hətta uşaqların yenicə dil açıb danışmağa başlayan ən kiçiyi də dilləndi.

Uşaqların hamısı eyni anda karetdən düşmək istəyirdi. Təkcə ana heç yerə tələsmirdi. O, yavaş-yavaş karetdən endi. Sınıq darvaza və suyu qurumuş fəvvarənin yanındakı itburnu, alaqanqal kollarına tərəf cuman uşaqların arxasınca baxdı. Əvvəl arabaçının pulunu verdi, sonra da karton qutulardakı əşyaların evə daşınmasına nəzarət elədi.

Əslində, bu bir o qədər də qəşəng ev deyildi, hətta ana fikirləşirdi ki, yaşamaq üçün əlverişsizdir. Məsələn, mətbəxdə qab-qacaq yığmağa nə taxça var idi, nə də iri bir şkaf.

Ancaq bu evdə yaşamağa dəyərdi! Son iki ildə Londondan qırağa çıxmayan, adi ekskursiyaya belə getməyən uşaqlara bura cənnətin bir guşəsində ucaldılmış sehrli qəsri xatırladırdı. Londonun isə uşaqlar üçün həbsxanadan heç bir fərqi yoxdur. Xüsusən də əgər valideynləri varlı-hallı adamlar deyilsə… Nə olsun ki, şəhərdə teatrlar, mağazalar çoxdur; əgər pulun yoxdursa, nə teatra gedə, nə də mağazadan bir şey ala bilərsən. İri şəhərdə uşaqların oynaya biləcəyi qum təpəciyi, dırmaşmalarına icazə verilən ağaclar, gəzə biləcəkləri meşə, içində hoppanıb-düşə biləcəkləri gölməçə belə yoxdur. Dümdüz küçələr, hamısı bir formada budanmış ağaclar, vəssalam! Elə buna görə də böyük şəhərlərdə yaşayan uşaqlar sözə baxmır, çox nadinc olurlar. Di gəl onların nə özləri, nə də ataları, anaları, bibiləri, əmiləri bunun səbəbini başa düşə bilirlər.

Ana istəyirdi ki, uşaqlar süfrə arxasına keçməmişdən əvvəl yuyunub yolun tozundan, kirindən təmizlənsinlər. Amma o, uşaqları evə salanadək onlar bağı da, oradakı müxtəlif tikililəri də gözdən keçirməyə fürsət tapmışdılar. Axırda isə belə qərara gəlmişdilər ki, bu evdə günləri çox şən keçəcək! Əslində, bu fikir onlarda elə evi görən kimi yaranmışdı, lakin kənarlarını yamyaşıl ot basmış gölməçəni, tövlənin damındakı saman yığınını görəndən sonra buna tamamilə əmin olmuşdular. Robert qırıq yelləncəyə minib kəlləmayallaq yerə yıxıldı və alnında yumurta boyda şiş əmələ gəldi, Sirilin isə barmağı köhnə dovşan qəfəsinin qapısı arasında qalıb əzildi. Beləliklə, uşaqlar tam əmin oldular ki, onları bu evdə çox maraqlı günlər gözləyirdi!

Ən əsası da o idi ki, burada heç bir qadağa olmayacaqdı: «Ora getmə!», «Bura ayağını basma!», «Ona toxunma!» Londonda uşaqlara göz açmağa imkan vermirdilər. Elə bil hər şeyin üstünə yarlıq yapışdırılmışdı: «Qadağandır!», «İcazə verilmir!» Düzdür, bu yarlıqlar gözlə görünmürdü, ancaq, hər bir halda, onların mövcud olduğunu bilirdin. İşdir, əgər yaddan çıxartsan, bunu sənə dərhal xatırladırdılar.

Haqqında danışdığımız ağ ev təpənin başında yerləşirdi, arxasında isə meşə var idi. Təpənin bir tərəfi təbaşir, o biri tərəfi qum karxanası idi.

Təpənin ətəyində vadi gözə dəyirdi. Vadidə qəribə tikililər görmək olardı. Orada adamlar əhəng yandırırdılar, bir az aralıda qırmızı kərpicdən ev ucalırdı; həmin evdə isə pivə bişirirdilər. Pivə sexinin ətrafında bir neçə daxma görünürdü. Günəş batanda hündür borulardan çıxan tüstü vadinin üstündə qızılı duman əmələ gətirirdi. Sübh çağı isə günəş şüaları altında bu tikililər «Min bir gecə» nağıllarındakı sehrli şəhərləri xatırladırdı.

Bir sözlə, bu qeyri-adi yer barədə çox şey danışmaq olar, lakin, yaxşısı budur, mən sizə uşaqların bura gələndən düz bir həftə sonra tapdıqları qəribə varlıqdan söz açım.

O özünü «pəri» adlandırırdı, hərçənd pəriyə oxşayıb eləmirdi. Düzdür, bizim heç birimiz pəri görməmişik, buna görə də onların necə olduqlarını dəqiq deyə bilmərik, ancaq, hər halda, o sizin haqqında oxuduğunuz və ya kitablarda şəklini gördüyünüz pərilərə qəti bənzəmirdi.

Hadisə belə olmuşdu: ata hansısa işləri yoluna qoymaq üçün şəhərdə qalmışdı. Ana da qəfildən xəstələnən nənəyə baş çəkmək üçün bir həftə sonra Londona qayıtmalı oldu. Ona görə də uşaqları bu evdə həm dayəlik, həm də qulluqçuluq eləyən Martaya tapşırdı.

Beləliklə, evdə tək qalan uşaqlar bir otaqdan o birinə keçir, özlərinə məşğuliyyət axtarırdılar. Nəhayət, Siril təklif elədi:

– Bəlkə, qum karxanasına gedək, hə? Özümüzlə bel də götürərik, qumdan qala düzəldərik. Elə bilərik ki, dənizin sahilindəyik. Hə, nə deyirsiniz, gedək?

– Ata bir dəfə demişdi ki, burada nə vaxtsa dəniz olub, – Anteya dilləndi. – Onu da demişdi ki, bəzən qumların arasından balıqqulaqları çıxır. Onların ən az min yaşı var!

Beləliklə, uşaqlar yola düzəldilər. Hərəsinin əlində öz beli var idi, üstəlik, Quzunu da növbə ilə qucaqlarına alıb aparırdılar. Ən balaca qardaşlarına bu adı uşaqlar qoymuşdular. Bilirsiniz niyə? Çünki dil açıb danışmağa başlayanda ilk sözü «mə-ə-ə-ə» olmuşdu.

Qum karxanası çox dərin idi. Karxananın ağzını ot basmışdı. Otların arasında mavi, sarı çiçəklər bitmişdi. Karxana azman bir adamın içində əlini yuduğu nəhəng ləyəni xatırladırdı. Dik yamaclarında kiçik çuxurlar gözə dəyirdi. Adama elə gəlirdi ki, bu çuxurlar sahil qaranquşlarının qurduğu yuvaların giriş qapısıdır!

Uşaqlar fikirləşdikləri kimi də elədilər: qumdan qala düzəltməyə başladılar. Lakin, əlbəttə ki, dəniz sahilində qala düzəltməyin ləzzəti tamam başqadır: köpüklü dalğalar hücuma keçib qalanı suya qərq eləyir, əməlli-başlı əylənirsən!

Siril qəfildən mağara düzəltmək fikrinə düşdü, təklif elədi ki, qaçaqmalçılıq oyunu oynasınlar. Lakin uşaqlar tərəddüd edirdilər, birdən mağara uçulub onların üstünə tökülər, altından sağ çıxa bilməzlər. Sonra qərara aldılar ki, axıra qədər qazmasınlar, Avstraliyaya kimi gedib çatsalar, bəsdir. Yəqin ki, orada balaca oğlanlar, qızlar tavandakı milçəklər kimi başları aşağı, ayaqları yuxarı gəzirlər.

Uşaqlar mağaranı elə hey qazırdılar. Üzləri pörtmüşdü, alınlarında tər puçurlanmışdı, üst-başları quma batmışdı. Quzu qumdan bir çimdik götürüb ağzına apardı, görünür, onu şəkər tozuna oxşatmışdı. Lakin qumun dadı xoşuna gəlmədi, dərhal qışqırıb ağlamağa başladı. Nəhayət, kiriyib uşaqların düzəltdikləri qalanın yaxınlığında, elə qumun üstünə uzanaraq yuxuya getdi.

Uşaqlar isə hələ də səylə qumu qazırdılar. Tezliklə Avstraliyaya aparan tunel elə dərinləşdi ki, Ceyn qorxuya düşərək uşaqlardan əl saxlamalarını xahiş etdi.

– Təsəvvür eləyirsiniz, biz balaca avstraliyalıların başına düşürük, qum da onların gözlərinə dolur!

– Düz deyirsən, – Robert razılaşdı, – sonra da bizə qəzəblənib daş atmağa başlayarlar. İmkan verməzlər ki, nə kenquruları görək, nə də koalaları.

Əslində, yaşca daha böyük olan Sirillə Anteya Avstraliyanın heç də belə yaxında olmadığını bilirdilər, ancaq, hər bir halda, əyləncə xatirinə belləri bir kənara qoyub qumu əlləri ilə qazmağa başladılar. Bu, çətin deyildi, çünki dərənin dibindəki qum dəniz sahilindəki kimi narın idi, hərdən uşaqların əlinə balaca balıqqulaqları da keçirdi.

– İşə bir bax, – Ceyn dilləndi. – Deyəsən, doğrudan da, burada nə vaxtsa dəniz olub. İçində də müxtəlif növ balıqlar və supəriləri…

– Hə, bir də dibində içi cəvahiratla dolu batmış gəmilər, – Siril əlavə etdi, – qızıl sikkə, ya da qədim dəmir pul tapsaq, əla olardı!

– Bəs dənizi hara aparıblar? – Robert çaşqınlıqla soruşdu.

– Ay səfeh, elə bilirsən ki, dənizin suyunu vedrə-vedrə daşıyıb aparıblar? – böyük qardaşı istehza ilə dilləndi. – Atam demişdi ki, qədimdə dənizin dibindəki torpaq bərk isinib. Yayda qalın adyalla yatanda sənə necə isti olur, bax eynilə o cür… İstilənəndə çiynini adyalın altından çıxarırsan, o da sürüşüb kənara düşür. Torpaq da eynilə bu cür silkələnib və dəniz axıb gedib. Yaxşı, gedək bir az balıqqulağı yığaq. Bax orada, deyəsən, kalan balıqqulağı var! Orada gözümə başqa bir şey də dəyir, lap batmış gəminin lövbərinə oxşayır.

Uşaqların hamısı onunla razılaşdı, bircə Anteyadan başqa. O hələ də əlləri ilə qumu qazırdı. Anteya başladığı işi axıra çatdırmağı sevirdi. İndi də fikirləşirdi ki, mütləq Avstraliyaya gedib çatmalıdır. Yoxsa bu, böyük biabırçılıq olardı…

Sirilin göstərdiyi yer uşaqları məyus etdi. Birincisi, orada balıqqulağı-zad yox idi, ikincisi, lövbər hesab etdikləri əşya qırıq külüngdən başqa bir şey deyildi. Üstəlik, uşaqlar möhkəm susamışdılar, fikirləşirdilər ki, artıq evə qayıdıb səpsərin limonad içməyin vaxtı gəlib çatıb. Elə bu vaxt Anteya qəfildən qışqırmağa başladı:

– Siril! Tez bura gəl! Cəld ol! O, diridir, qaçıb yoxa çıxa bilər! Tez elə!

Uşaqların hamısı Anteyanın qumu qazdığı yerə tərəf boylandı.

– Yəqin, siçovul görüb, – Robert dedi. – Atam deyirdi ki, belə yerlərdə həmişə siçovullar olur.

 

– Bəlkə, ilandır? – Ceyn təşvişlə soruşdu.

– Gəlin, gedib baxaq, – Siril təklif elədi. – Mən ilanlardan qorxmuram. Hətta onlardan xoşum gəlir. Əgər ilan olsa, onu əhliləşdirəcəyəm, qoy hara getsəm, arxamca sürünsün. Gecələr də boynuma dolanıb mənimlə yatar.

– Belə şey ola bilməz! – Robert özündən çıxdı. O, Sirillə eyni otaqda yatırdı. – Əgər siçovul olsa, onda sözüm yoxdur, götürüb əhliləşdirə bilərsən. Lakin ilan, qətiyyən!

– Bəsdir boş-boş danışdınız! – Anteya qışqırdı. – Burada siçovul-filan yoxdur! İlan da deyil. O, böyükdür e! Pəncələri də var, üstü də tüklə örtülüb. Bellərinizi kənara çəkin, onu yaralaya bilərsiniz. Əllərinizlə qazın.

– Hə, istəyirsən, o bizi yaralasın? – Siril etiraz elədi.

– Sənə deyirəm ki, olmaz! – Anteya qardaşının üstünə qışqırdı. – İstəyirsiniz inanın, istəyirsiniz yox, o danışdı, nəsə dedi.

– Nə dedi?

– Dedi ki, mənimlə işiniz olmasın!

Siril elə bildi, bacısının başına gün vurub. Oğlanların ikisi də bellərini əllərinə alıb qumu qazmağa başladı. Anteya dərənin kənarında oturub həyəcanla onlara baxırdı. Oğlanlar ehtiyatla qazırdılar, birdən dərənin dibində nəsə tərpənməyə başladı. Anteya artıq yerində dayana bilməyib irəli cumdu:

– Qoy mən qazım, mən ondan qorxmuram!

Qız bunu deyib özünü dərənin dibinə atdı. Sonra sümük gizlətməyə hazırlaşan it kimi əlləri ilə qumu qazmağa başladı.

– Əlim onun tüklərinə dəydi! – Anteya həyəcanla qışqırdı. – Düz sözümdür!

Buna cavab olaraq dərənin dibindən qeyri-adi, bir qədər xırıltılı səs gəldi. Uşaqlar hamısı bir anda diksinib kənara sıçradılar.

– Əl çəkin məndən!

– Lakin biz sənə baxmaq istəyirik, – Robert handan-hana bütün cəsarətini toplayaraq dilləndi.

– Biz səni görmək istəyirik! – Anteya əlavə elədi.

– Deməli, məni görmək istəyirsiniz! Yaxşı, siz deyən olsun, – bu sözlər eşidiləndən sonra dərənin dibindəki qum tərpənməyə başladı. Qumun altından qəhvəyi rəngli, tüklü, yupyumru bir məxluq çıxdı.

O özünü silkələyib üstündəki qumları yerə tökdü. Sonra yerdə oturub əsnəməyə və gözlərini ovuşdurmağa başladı:

– Deyəsən, möhkəm yatmışdım.

Uşaqlar dərənin ağzına toplaşıb heyrətlə bu qəribə məxluqa tamaşa eləyirdilər. Həmin məxluq isə gah ilbizin buynuzları kimi irəli uzanan, gah da müşahidə borusu kimi yığılan qəribə gözləri ilə uşaqlara baxırdı. Qulaqları yarasanın palaz qulaqlarına bənzəyirdi, hörümçək bədəninə oxşayan gövdəsi sıx və yumşaq tüklə örtülmüşdü. Pəncələri meymun əlinə bənzəyirdi, barmaqlarını da qalın tük basmışdı.

– Bu nədir belə? – Ceyn heyrətlə dilləndi. – Onu özümüzlə aparacağıq?

Bunu eşidən qəribə məxluq qeyri-adi gözlərini Ceynə tərəf çevirib dedi:

– Bu qız həmişə belə səfeh-səfeh danışır, yoxsa başına qoyduğu şlyapa ona belə təsir göstərib?

Sonra da nifrətlə qızın başındakı parçadan kəsilmiş çiçəklərlə bəzədilmiş şlyapaya baxdı.

– Siz onu səhv başa düşdünüz, bacım elə demək istəmədi, – Anteya tez-tələsik dilləndi. – Qorxmayın, bizim sizinlə işimiz olmaz.

– Bunu mənə deyirsən? – qəribə məxluq özündən çıxdı. – Mən qorxmayım? İşə bir bax! Sən mənimlə elə danışırsan ki, elə bil heç kiməm!

İndi onun tükləri eynilə pişiklər qəzəblənəndə olduğu kimi qabarıb biz-biz durmuşdu.

– Üzr istəyirəm, – Anteya mehribanlıqla dilləndi, – əgər sizin kim olduğunuzu bilsəydik, belə danışmazdıq, siz də dediyimiz hər sözdən qəzəblənməzdiniz. Xahiş eləyirəm, əsəbiləşməyin, deyin görək siz kimsiniz? Biz, doğrudan, bunu bilmək istəyirik.

– Məgər siz məni tanımırsınız? Bu dünyanın lap zayı çıxıb! Doğrudanmı siz Sammiedi gördünüz, ancaq tanımadınız?

– Sammied? Bu ki yunan dili kimi qəlizdir, – Siril dedi.

– Cavan oğlan, bu elə yunancadır! – uşaqların yeni tanışı acıqlı-acıqlı dedi. – Mənası da «qum pərisi» deməkdir. Siz qum pərisini görüb necə tanımaya bilərsiniz axı?!

– Yox, əlbəttə ki, biz sizi tanıdıq, – Ceyn onu sakitləşdirməyə çalışdı, – sizi görən kimi bunu başa düşmək olar.

– Hə, gördüm necə tanıdın! – Sammied istehza ilə dilləndi. Sonra isə cəld hərəkətlə yenidən qumun altına dürtülməyə başladı.

– Xahiş eləyirik, getməyin! – Robert qışqırdı. – Bizimlə bir az da söhbət edin! Bağışlayın ki, sizin qum pərisi Sammied olduğunuzu bilmədik. Ancaq mən ömrümdə sizin kimi qəribə, qeyri-adi məxluqla rastlaşmamışam!

Uşaqların yeni tanışı bu sözlərdən sonra bir qədər yumşaldı.

– Sizinlə söhbət eləyərəm, lakin bir şərtlə! Özünüzü yaxşı aparsanız, onda, bəlkə, suallarınıza cavab verdim. Bəlkə də, yox… Baxarıq… Hə, deyin görüm, sizi nə maraqlandırır?

Uşaqlar bu qəfil sualdan özlərini itirdilər, nə soruşacaqlarını bilmədilər. Yalnız Robert dərhal özünü ələ alıb ağlına gələn ilk sualı verdi:

– Siz burada çoxdan yaşayırsınız?

– Yüz illərdir! – Sammied cavab verdi.

– Danışın, xahiş edirik!

– Bu barədə kitablarda çox yazılıb, – qum pərisi mızıldandı.

– Axı mən kitablarda sizin haqqınızda heç nə oxumamışam! – Ceyn dedi. – Yaxşısı budur, bizə özünüzdən danışın. Biz, həqiqətən də, sizin haqqınızda heç nə bilmirik. Bir də, siz elə qəşəngsiniz ki!

Bu sözləri eşidən Sammied pəncələri ilə tüklü bədənini sığallayıb xoşbəxt-xoşbəxt gülümsündü.

– Xahiş edirik, danışın! – uşaqların hamısı bir ağızdan qışqırışdı.

Sammied gözlərini ovuşdurub dilləndi:

– Gör günəş necə gözəl işıq saçır! Lap köhnə əyyamlarda olduğu kimi! Siz indi meqateriyaları[2] haradan alırsınız?

– Nəyi? – uşaqlar bir ağızdan təəccüblə soruşdular.

– İndi pterodaktillər kifayət qədərdir?

Uşaqlar çaşqınlıq içində idilər, nə deyəcəklərini bilmirdilər.

– Bəs səhər yeməyində nə yeyirsiniz? – Sammied səbirsizliklə soruşdu. – Sizi kim yedizdirir?

– Anam… O, səhər yeməyində bizə qayğanaq bişirir, bir də süd içir, yağ-çörək yeyirik.

– Bu meqa… necə dediniz? Məgər onu səhərlər yeyirlər?

– Bizim zəmanəmizdə hamı arzulayırdı ki, səhər yeməyində pterodaktil olsun. Onu yaxşıca qızardırdılar. Köhnə əyyamlarda dünyada qum pərilərinin sayı-hesabı yox idi! Onlar insanların arzularını yerinə yetirməyi bacarırdılar. Pterodaktil – yarıquş, yarıtimsah olan canlıdır. Meqateriya isə çox nəhəngdir, lap fil boyda! Bilirsiniz nə qədər əti olur! Ürəyinə balıq düşənlər isə pərilərdən ixtiozavr[3] istəyirdilər. Yaxşı, bugünlük bu qədər söhbət bəsdir, mən artıq gedim.

– Yox, yox! – uşaqlar hamısı bir ağızdan qışqırışdı. – Getməyin! Xahiş edirik, danışın görək əvvəllər necə idi? Onda da indiki kimi qumun içində yaşayırdınız?

– Yox. Onda balaca uşaqlar çaxmaqdaşından düzəldilmiş belləri ilə yanımıza gəlir, bizim üçün qumdan qalalar tikirdilər. Bir müddət həmin qalalarda yaşadıq.

– Bəs sonra nə oldu? Niyə o qalaları tərk etdiniz?

– Bu çox kədərli əhvalatdır! – Sammied qaşqabaqlı halda dilləndi. – Uşaqlar təkcə qala tikməmişdilər, onun ətrafına xəndək də çəkmişdilər. Bir müddət sonra dənizin suyu həmin xəndəklərə doldu. Qum pərilərinin isə nəmişliyə dözümü yoxdur. Onlar rütubətdən xəstələnib tələf olmağa başladılar. Beləcə, pərilərin sayı lap azaldı…

– Siz də islanmışdınız? – Robert maraqla soruşdu.

– Hə, – Sammied dərindən ah çəkib dedi. – Bir dəfə sol bakenbardımdakı tüklərdən birini islatmışdım. Bu rütubəti hələ də canımda hiss eləyirəm! Əlbəttə ki, təpədən dırnağa kimi islananacan gözləmək fikrim yox idi! Bakenbardımı günün altında qurudub dənizdən bacardıqca uzaqlaşdım. İsti və quru qumun içində özümə yuva qazdım. İndiyə kimi də burada yaşayıram. Sonra dəniz bir xeyli geriyə çəkildi. Hə, sizə hər şeyi danışdım, daha məni rahat buraxın!

– Xahiş edirik, bircə suala da cavab verin! – uşaqlar yenidən yalvarmağa başladılar. – Siz əvvəlki kimi arzuları yerinə yetirə bilirsiniz?

– Bəs necə! Məgər bir neçə dəqiqə bundan əvvəl sizin arzunuzu yerinə yetirmədim? İstəyirdiniz ki, qumun altından çıxıb yanınıza gəlim, mən də gəldim!

– Başqa bir şey arzulaya bilərik?

– Yaxşı, lakin tez olun, mən artıq yorulmuşam.

Təəssüf ki, həmin vaxt uşaqların ağlına heç bir arzu gəlmədi.

– Hə, nə oldu? – Sammied onları tələsdirdi.

Bu vaxt Anteyanın ağlına bir fikir gəldi. Qız cəld dilləndi:

– İstəyərdim ki, biz hamımız qəşəng və yaraşıqlı olaq!

Uşaqlar dərhal bir-birinə baxdılar, sonra gözlədilər; dəqiqələr keçir, lakin hələlik onlarda heç bir dəyişiklik gözə çarpmırdı.

Birdən Sammied qəribə gözlərini durbin kimi irəli uzatdı, sonra ovurdlarını şişirdib ağzındakı havanı çölə üfürdü. Axırda da məyusluqla dedi:

– Heç nə alınmır… Deyəsən, bildiklərimi yaddan çıxarmışam.

– Nə olar, bir də cəhd eləyin, xahiş edirik, – uşaqlar yenə yalvardılar.

– Məsələ belədir: gərək bunu hamınız birdən arzulayasınız. Bu sizin hamınızın istəyidir?

– Bəli! Bəli! – Anteya ilə Ceyn onu inandırmaq üçün tələm-tələsik dilləndilər. Oğlanlardan səs çıxmadı. Onlar, sadəcə olaraq, inanmırdılar ki, Sammied bir dəfə üfürməklə yaraşıqlı olacaqlar. Qum pərisi isə gözlərini bir az da bərəldib elə hey üfürürdü.

– Birdən o xəstələnər, – Anteya narahatlıqla dilləndi. – Görün ovurdlarını necə şişirdib!

– Üzünün dərisi partlamasa yaxşıdır, – Robert də təşvişə düşdü.

Nəhayət, Sammied ağzındakı havanı çölə buraxıb əvvəlki formasını aldı.

– Oh! – qəribə məxluq dərindən nəfəs alıb əlavə etdi: – Yəqin, sabah daha asan olar. Yaxşı, hələlik!

Sonra cəld hərəkətlə qumu qazıb içində gözdən itdi. Uşaqlar təəccüblə bir-birinə baxdılar: onların hər biri yanlarında qeyri-adi gözəlliyə malik üç uşağın olduğunu gördü. Bir müddət hamısı çaşqınlıqdan susub danışmadı. Nəhayət, Anteya dilləndi:

– Bağışlayın, – o, üzünü yanında dayanmış iri mavi gözləri və qızılı rəngli dalğalı saçları olan Ceynə tutub dedi, – bir az əvvəl burada iki oğlan və bir qız var idi, onların hara getdiklərini görmədiniz ki?

Qız bacısı Ceyni və qardaşlarını tanıya bilməmişdi.

– Elə mən də sizdən bunu soruşmaq istəyirdim, – Ceyn dedi.

Bu vaxt Siril qışqırdı:

– Ceyn, bu sənsən! Önlüyündə dəlik var idi, ondan tanıdım. Anteya, bu da sənsən! Bax, cibindən dəsmal sallanır. Üstündə də qan ləkəsi var. Dünən əlini kəsmişdin, sonra bu dəsmalla sarımışdıq. İşə bir bax! Deməli, o bizim arzumuzu yerinə yetirib! Deyin görüm, mən də yaraşıqlı olmuşam?

– Siril, bu sənsən? – Ceyn təəccüblə dilləndi. – Əvvəlki görkəmin mənim daha çox xoşuma gəlirdi. İndi buruq saçlarınla lap kilsə xorunda oxuyanlara oxşayırsan! Hə, bu da, yəqin, Robertdir. Lap italiyalı şarmanka[4] çalanlara bənzəyib ki! Saçları da zil qara!

– Siz də Milad açıqçalarının üstündəki səfeh qızlara oxşayırsınız! – Robert acıqla dilləndi. – Ceyn, sənin saçların lap yerkökü rəngindədir!

– Yaxşı, dalaşmayın! – Anteya uşaqları sakitləşdirməyə çalışdı. – Gəlin Quzunu da götürüb evə qayıdaq. Nahar vaxtı yaxınlaşır.

Elə bu vaxt bayaqdan isti qumun üstündə yuxuya getmiş balaca gözlərini açdı. Uşaqlar qorxa-qorxa ona baxdılar. Yox, körpədə bir dəyişiklik yox idi. Uşaqlar dərindən nəfəs aldılar.

Anteya hamıdan qabaq Quzunun yanına qaçıb qollarını ona tərəf açaraq:

– Gəl qucağıma, balaca, – dedi.

Uşaq ona tərəddüdlə baxıb quma batırdığı baş barmağını ağzına soxdu.

– Gəl, balaca, – qız bir də dilləndi.

– Get! – uşaq qışqırdı.

– Yaxşı, onda mənim qucağıma gəl, – Ceyn dedi.

Balaca ağlamağa başladı.

Bu vaxt Robert irəli durub:

– Hə, cavan oğlan, gəl çiynimə çıx görüm, – dedi.

Lakin balaca yenə kirimədi. Birdən uşaqlar nə baş verdiyini anladılar: Quzu onları tanımamışdı! Axı Sammied uşaqların görünüşünü tamam dəyişdirmişdi! Quzuya qardaş-bacılarının şən, doğma, tanış gözlərinin yerinə iri, qəşəng, ancaq tamamilə yad gözlər baxırdı.

 

Uşaqlar bir müddət çaşqınlıq içində bir-birinə baxıb qaldılar. Nəhayət, Siril irəli durub Quzunu qucağına götürməyə cəhd elədi. Ancaq uşaq bu dəfə elə ucadan qışqırıb ağlamağa başladı ki, elə bil ətini kəsirdilər.

– İşə bir bax! İndi balaca qardaşımızla təzədən tanış olmalıyıq! Bu ki dəhşətdir! – Siril dedi.

Onlar düz bir saat balacanı dilə tutmaq üçün əlləşdilər. Nəhayət, uşaq sakitləşəndən sonra evə yollana bildilər.

– Tanrıya şükür! Gəlib çatdıq, – Ceyn dedi.

Dayə Marta qapının ağzında dayanmışdı.

– Balacanı götür, – Ceyn qucağındakı uşağı ona tərəf uzatdı.

Marta təşvişlə körpəni ondan alıb soruşdu:

– Siz kimsiniz? Bəs bizim qalan uşaqlar hanı?

– Bizik də, tanımadın? – Robert dilləndi.

– Necə yəni bizik? Siz kimsiniz ki? – dayə çaşqınlıqla bir də soruşdu.

– Sənə deyirəm ki, bu bizik, sadəcə, bir az dəyişmişik, daha qəşəng və yaraşıqlı olmuşuq, – Siril izah eləməyə çalışdı. – Mən Siriləm, bunlar da o biri uşaqlardır… Acından ölürük, imkan ver, evə girək.

Di gəl bu sözlərin Martaya heç bir təsiri olmadı. Dayə cəld içəri girib qapını uşaqların üzünə bağlamaq istədi.

– Haqlısan, biz özümüzə oxşamırıq, – bu dəfə Anteya onu dilə tutmağa çalışdı. – Mən Anteyayam. Yanımdakılar da bacı-qardaşlarımdır. Biz çox yorulmuşuq və acmışıq. Nahar vaxtı çoxdan keçib.

– Gedin, haradan gəlmisinizsə, orada da nahar edin, – Marta qəzəblə dedi. – Əgər bu səfeh oyunu quran bizim uşaqlardırsa, buna görə paylarını alacaqlar! Onlara elə bu cür də çatdırın. Qoy bilsinlər ki, evdə onları nə gözləyir!

Qadın bunu deyib qapını çırpıb bağladı. Siril qapının zəngini basmağa başladı. İntəhası cavab verən olmadı. Sonra Marta başını yataq otağının pəncərəsindən çölə uzadıb:

– Əgər elə bu dəqiqə çıxıb getməsəniz, polisləri bura tökərəm! – dedi.

– Burada dayanmağın mənası yoxdur, – Anteya ah çəkərək dilləndi. – Nə qədər ki bizi həbs etməyiblər, çıxıb getsək yaxşıdır.

– Məncə, günəş batandan sonra biz əvvəlki görünüşümüzə qayıdacağıq, – Ceyn dedi.

– Birdən biz də o meqateriyalar kimi daşa dönsək, onda necə? – Anteya titrək səslə dilləndi. Sonra da ağlamağa başladı. Ceyn də ona qoşuldu. Oğlanların isə qorxudan rəngi ağarmışdı.

Uşaqlar yenə bir neçə dəfə dayəni dilə tutmağa çalışsalar da, bunun heç bir faydası olmadı. Nə etməli idilər? İndi onlar heç özləri belə bir-birini tanıya bilmirdilər, kim olduqlarını başqalarına necə başa sala bilərdilər axı?! Bircə səsləri əvvəlki kimi qalmışdı.

– İnanmıram ki, biz sabaha kimi daşa dönək, – Robert dedi. – Sammied söz verdi ki, sabah bizim daha bir arzumuzu yerinə yetirəcək. Xahiş edərik, bizi əvvəlki görkəmimizə qaytarsın. Ancaq o vaxtadək daşa çevrilsək, heç nə!

– Düz deyirsən, – qalan uşaqlar onun sözünə qüvvət verdilər. Lakin onların səsində əminlikdən əsər-əlamət yox idi…

Nəhayət, aclıqdan və yorğunluqdan dördü də bağdakı otların üstündə oturub mürgüləməyə başladı. Bir müddət beləcə keçdi.

Anteya hamıdan qabaq yuxudan oyandı.

– Ey, oyanın! – qız qışqırmağa başladı. – Biz daşa dönməmişik! Siril, sən yenə əvvəlki kimi eybəcərsən! Gözlərin də balacadır, üzündəki çillər də öz yerinə qayıdıb! Nə yaxşı oldu! Hamımız yenə əvvəlki kimi görünürük!

Onlar sevinə-sevinə evə tələsdilər. Qapıdan içəri girər-girməz Marta dil boğaza qoymadan onlara evə gəlmiş yad uşaqlar barədə danışmağa başladı.

– Elə qəşəng idilər, elə qəşəng idilər, gəl görəsən! Ancaq nə olsun, hamısı tərbiyəsiz və ədəbsiz uşaqlar idilər! Dəhşət!

– Hə, – Robert sakitcə başını tərpədib dedi, – bilirik, bilirik…

Martaya vəziyyəti izah etməyin heç bir mənası yox idi.

– Bəs siz bütün günü harada avaralanırdınız? – dayə maraqla soruşdu.

– Buralarda idik.

– Elə isə niyə evə belə gec gəldiniz?

– Hamısı onların ucbatından oldu, – Anteya fikirləşmədən dilləndi.

– Kimin?

– O qəşəng qızlarla yaraşıqlı oğlanların. Onlar gün batmamış bizi evə buraxmaq istəmirdilər. Bilirsən necə zəhlətökən uşaqlar idilər! Yaxşısı budur, bizə yemək ver. Özü də, bir az tez ol, lap acından ölürük.

– Bu barədə hələ fikirləşməliyəm, – Marta deyinməyə başladı. – Bütün gün, kim bilir, haralarda veyillənmisiniz. Qoy bu sizə dərs olsun ki, bir də belə iş tutmayasınız, tanımadığınız uşaqlara qoşulmayasınız. Əgər bir də həmin uşaqlara rast gəlsəniz, kəlmə də kəsməyin! Bildiniz! Dərhal onların yanından uzaqlaşın! Özü də gəlib mənə xəbər verin!

– Yaxşı, – Anteya hamının adından söz verdi. – Bir də onları görsək, mütləq sənə deyərik!

Gözünü masanın üstündəki yeməklərə zilləmiş Robert hövsələsiz halda dedi:

– Biz var gücümüzlə çalışarıq ki, bir də onlarla qarşılaşmayaq.

Həqiqətən də, onlar bir daha rastlaşmadılar…

1Mil – əsasən, ABŞ və İngiltərədə istifadə olunan uzunluq ölçü vahidi
2Meqateriyalar – qədim dövrlərdə Cənubi və Şimali Amerikada mövcud olmuş, ancaq sonradan nəsli kəsilmiş canlılar
3İxtiozavr – nəsli kəsilmiş nəhəng dəniz sürünəni
4Şarmanka – çiyindən keçirilib gəzdirilən, qutuya oxşar kiçik orqan, musiqi aləti
Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»