93-cü il

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Nəşriyyatdan

Bu romandakı hadisələr 1793-cü ildə Fransada, ölkənin qərbində yerləşən Vandeya ərazisində cərəyan edir. Həmin il bu vilayətdə yeni yaranmış respublika hakimiyyətinə qarşı silahlı üsyan başlamışdı. Romanda da elə bu üsyanın ilk aylarında baş verən hadisələr təsvir olunur. Üsyan artıq vətəndaş müharibəsinə gətirib çıxarmışdır.

Əsərdəki epizodlar mühüm tarixi hadisələr fonunda baş versə də, baş qəhrəmanlar müəllif tərəfindən düşünülmüş bədii obrazlardır. Bununla yanaşı, əsərdəki obrazlar arasında bir sıra tarixi şəxsiyyətlərə də (Marat, Danton, Robespyer) rast gəlmək mümkündür.

İnqilab, vətəndaş müharibəsi insanların qəlbini daşa döndərir, onlar siyasi ideyalara görə həyatda ən çox sevdikləri insanlara belə qəsd edirlər. Belə bir mürəkkəb vəziyyətdə insana qarşı mərhəmət, şəfqət hissi xarakteri səciyyələndirmək üçün əsas meyara çevrilir.

Əsərdə mübarizə göylər (respublika tərəfdarları) və ağlar (monarxiya tərəfdarları) arasında getsə də, əsas konflikt qəddarlıqla mərhəmət arasında baş verir.

1

1793-cü il may ayının sonlarında Paris milli qvardiyasının batalyonlarından biri Sodrey meşəsində axtarış aparırdı. Dəstədə üç yüzdən bir az çox adam qalmışdı. Şiddətli döyüşlər onların sıralarını xeyli seyrəltmişdi. Əsgərlər tələsmədən hər tərəfə göz yetirərək addımlayırdılar.

Birdən qarşıdan, ağacların arasından şıqqıltı səsi gəldi. Dəstənin öndə gedən əsgərləri dayandılar və arxadakılara da dayanmaq işarəsi verdilər. Əsgərlər əlləri tətikdə həmin yeri mühasirəyə aldılar. Kəşfiyyatçılar serjantın əmrinə bənd idilər. Ancaq markitant1 qadın icazəsiz-filansız kolluğa sarı atıldı. Serjant «Atəş!» əmri vermək istəyirdi ki, markitantın səsi eşidildi:

– Dayanın! Atmayın!

Kolların arasında bir qadın və üç uşaq vardı. Ana uşaqlardan ən kiçiyinə – körpəyə süd verirdi.

– Sizin burada nə işiniz var? – markitant qadın səsləndi.

Qadın başını qaldırdı. Uşaqlar ağlaşdılar.

Markitant qadın səsini yumşaltdı:

– Qorxmayın! Biz «Qırmızıpapaq» batalyonundanıq! Bəs sən kimsən?

– Mən Mişel Fleşaram, – qadın zorla pıçıldadı.

– Hardan gəlib hara gedirsiniz? – serjant soruşdu.

Qadın kəkələdi:

– Kəndimizi yandırdılar. Zorla canımızı qurtardıq. Heç ayaqqabımı da geyinə bilmədim.

Markitant qadın körpənin başını sığallayıb adını soruşdu.

– Jorjetta, – ana cavab verdi.

– Bəs böyüyün? Özü də dəcəl oğlana oxşayır.

– Onun adı Rene-Jandır.

– Bəs kiçiyin?

– Qro-Alen.

– Ərin nə işlə məşğuldur? – serjant soruşdu.

– O döyüşürdü.

– Kim uğrunda?

– Kral uğrunda. Ancaq ərimi öldürdülər.

Markitant qadın mülayim səslə dedi:

– Əzizim, biz parisliyik. Siz heç nədən qorxmayın. Bizim batalyona qoşulun. Sizə iş verərik. Döyüş zamanı əsgərlərə su, şərab daşıyarsınız.

Serjant Radub cibindən bir parça qara çörək çıxarıb anaya uzatdı. Qadın çörəyi bölüb iki uşağa verdi. Uşaqlar acgözlüklə çörəyi yeməyə başladılar.

Qadın öz bədbəxt taleyi haqqında uzun-uzadı danışmağa başladı. Əsgərlər dövrə vurub ona qulaq asırdılar.

Nəhayət, serjant dikəldi, yanağından göz yaşı süzülürdü.

– Yoldaşlar, – o dedi, – bundan sonra bizim batalyon ata olmalı, bu üç uşağı övladlığa götürməlidir. Razısınız?

Əsgərlər:

– Yaşasın Respublika! – deyə bağırdılar.

2

1793-cü ilin yazında günbatana yaxın La-Manş boğazının Cersi adasındakı balaca, tənha limandan bir korvet2 yola düşməyə hazırlaşırdı. Gəmi fransız komandası tərəfindən idarə edilsə də, ingilis hərbi donanmasına daxil idi. «Kleymor» adlı korvetə xüsusi tapşırıq verilmişdi. Bu məqsədlə korvetə otuz ədəd irikalibrli karonada3 yüklənmişdi. Gəmidəkilər krala sədaqətli əsgərlər idi.

Gəmi yola düşməzdən bir az əvvəl göyərtəyə ucaboy, gümrah, sərt baxışlı bir qoca qalxdı. Əynində Bretan4 kəndlisinə məxsus paltar olan qoca başına kənarları enli şlyapa qoymuşdu. «Kleymor»un ekipajı bu sərnişinə dərhal «kəndli» ləqəbi verdi.

Bir saatdan sonra təcili poçt gəmisi ilə qraf de Artuaya5 aşağıdakı məzmunda məktub göndərildi.

«Zati-aliləri! Gəmi yola çıxdı. Qələbə bizimlədir. Bir həftədən sonra Qranvildən ta Sen-Maloya qədər bütün sahil alova bürünəcək».

Dörd gün əvvəl isə Qranvildəki orduya baş çəkməyə gələn Marna6 nümayəndəsi Priyor gizli bir məktub almışdı. Məktubda deyilirdi:

«Vətəndaş nümayəndə! İyunun 1-də toplar gizlədilmiş hərbi «Kleymor» korveti dənizə çıxacaq. O, Fransa sahilinə bir adam düşürməlidir. Adamın əlamətləri belədir: qoca, ucaboy, saçları ağ, əynində kəndli paltarı. O, gəmidən ayın 2-də səhər tezdən düşəcək. Eskadranıza xəbər verin, korveti tutun. Bu adamın gilyotində7 başının vurulmasını əmr edin».

3

Ümid etmək olardı ki, korvet səhər hava işıqlananda Fransa sahilinə yetişə bilər. Lakin çox keçmədi ki, külək qalxdı. Gəmiyə minmiş «kəndli» təmkinini pozmadan, arxayın və möhkəm dənizçi yerişi ilə göyərtədə gəzişirdi.

Bu zaman göyərtənin altından bağırtılar eşidildi.

Kapitan və onun köməkçisi səs gələn tərəfə yüyürsələr də, aşağı enmək mümkün olmadı. Çünki heyət üzvləri bir-birini itələyə-itələyə tələsik yuxarı qalxırdılar.

Dəhşətli hadisə baş vermişdi. Batareya toplarından biri – qumbara atan karonada zəncirdən qopmuşdu. Top bilyard şarı kimi sağa-sola yuvarlanır, qarşısına çıxan canlı-cansız hər şeyi məhv edirdi. Dəyən zərbələr gəminin divarlarında deşiklər açırdı.

Hamı çarəsizcəsinə susub sonluğu gözləyirdi. Birdən əlində dəmir ling tutmuş bir adam göründü. Bu, fəlakətin günahkarı, zənciri qopmuş karonadanın topçusu idi. O, səhvini düzəltməyə girişdi: bir əlində ling, digərində isə ucu ilgəkli kəndir hazır vəziyyətdə dayanıb topun yaxınlığından keçməsini gözləyir, onu «cilovlamağa» hazırlaşırdı. Birdən karonada ona doğru diyirləndi. Bu vaxt topçunun köməyinə indiyəcən hərəkətsiz dayanmış qoca sərnişin çatdı. O, yaşına uyğun olmayan cəldliklə yerdən nəsə götürüb topun təkəri altına atdı. Topun qarşısına sanki çəpər çəkildi. Bu zaman topçu dəmir lingi cəld arxa təkərin arasına saldı. Top yana əyilərək dayandı. Gəmidəkilər əllərində kəndir və zəncir aşağı atıldılar. Bir dəqiqədən sonra top artıq yerinə bərkidilmişdi.

Topçu minnətdarlıqla qoca sərnişinə baxırdı…

4

Hava dəyişmiş, ətrafa qatı duman çökmüşdü. Gəmi küləyin təsiri ilə istiqamətini dəyişib cənuba doğru gedirdi.

Gəminin heyəti deşikləri tıxayır, salamat qalan topları zəncirlə yerinə bağlayırdı. Lazımsız əşyalar dənizə atılırdı. Bu zaman qoca sərnişin yuxarı qalxdı.

Gəmi kapitanı qraf Buabertlo qocaya hərbi salam verib topçunu ona təqdim etdi:

– Cənab general, etdiyi fədakarlıq üçün komandanlıq onu mükafatlandırmaq istəyir.

Topçu bir addım irəli gəldi.

Qoca qrafa tərəf döndü. Onun döşündən Müqəddəs Lüdovik ordenini çıxarıb topçunun mundirinin yaxasına taxdı.

Dənizçilər:

– Ura! – deyə bağırdılar.

Bu zaman qoca sevincdən başını itirmiş topçunu barmağı ilə göstərərək dedi:

– İndi isə onu güllələyin!

Sevinc qışqırıqları havada donub-qaldı.

Qoca sözünə davam etdi:

– Bu adamın ehtiyatsızlığı az qala gəmini məhv edəcəkdi. Mərdlik təltif edilməli, xəta isə cəzalandırılmalıdır.

 

Sonra əsgərlərə baxıb əmr etdi:

– Hökmü yerinə yetirin!

Yaxasında Müqəddəs Lüdovik ordeni olan topçu başını aşağı saldı.

Bir neçə dəqiqədən sonra qaranlıqda atəş səsləri eşidildi. Hökm yerinə yetirilmişdi.

Dumandan göz gözü görmürdü, üstəlik də tufan qalxmışdı. Zədələnmiş gəmi nəhəng dalğaların zərbələrinə tab gətirə bilməyəcəkdi. Uzaqda səkkiz gəminin yelkənləri ağarırdı. «Kleymor» lövbər salıb dayandı. Qüvvələrin qeyri-bərabər olması səbəbindən gəmi məhv olmağa məhkum idi.

5

Qoca sərnişin özünəməxsus təmkinlə baş verənləri müşahidə edirdi. Qraf Buabertlo ona yaxınlaşdı.

– Cənab general, – dedi, – biz eskadra ilə sualtı qayaların arasında tələdəyik. Dalğalara təslim olmaqdansa, döyüşdə ölmək yaxşıdır. Lakin ölmək sizin yox, bizim vəzifəmizdir. Sizin isə Vandeya üsyanına rəhbərlik etmək kimi böyük vəzifəniz var. Sizin ölümünüz monarxiyanın da məhvi deməkdir. Mən sizə qayıq və avarçəkən verərəm. Başqa yolla sahilə çıxmaq mümkün deyil.

Qoca başı ilə razılıq işarəsi verdi. Qraf Buabertlo ucadan bağırdı:

– Əsgərlər və dənizçilər! Bir sərnişin kimi gəmidə apardığımız bu adam kralın nümayəndəsidir. O, Vandeyanın əsgərlərinə rəhbərlik etmək üçün Fransa sahillərinə çıxmalıdır. Bizim sərnişini kim aparmaq istəyir?

Qaranlıqdakı cərgədən bir adam irəli çıxıb dedi:

– Mən.

6

Bir neçə dəqiqədən sonra içərisində iki adamın – qoca sərnişin və avarçəkənin olduğu balaca qayıq suya salındı. Dənizçi göstərişini yerinə yetirərək Menke tərəfə səylə avar çəkirdi. Özləri ilə azca ərzaq: bir kisə suxarı, bir parça qaxac ət və balaca bir çəlləkdə su götürə bilmişdilər.

Qayıq külək və dalğaların arasında görünməz oldu.

Yalnız bundan sonra kapitan üzünü heyətə tutub dedi:

– Əlahəzrət kralın dənizçiləri! Orta dorağacında ağ bayraq qaldırın. Biz axırıncı dəfə günəşi qarşılayacağıq.

– Yaşasın kral! – cərgədəki ekipaj üzvləri bağırdılar. Və korvetdən top atəşi açıldı.

Məsafənin uzaqlığına baxmayaraq az qala elə həmin an qarşı tərəfdən başqa səs eşidildi:

– Yaşasın Respublika!

Üç yüz topdan açılan yaylım atəşi dənizi lərzəyə saldı. «Kleymor» eyni zamanda səkkiz iri gəmiyə atəş açdı.

Qayıqda oturanlar susurdular. Menke qayalığının dar boğazından açıq dənizə çıxmaq lazım idi. Avarçəkən bunu çox məharətlə bacardı. Birdən o, başını qaldırıb qocanın gözlərinin içinə baxaraq dedi:

– Monsenyor, mən sizin əmrinizlə güllələnən topçunun qardaşıyam.

Qoca başını yavaş-yavaş qaldırıb ondan soruşdu:

– Məndən nə istəyirsən?

Dənizçi cavab verdi:

– Sizi öldürmək istəyirəm.

– Nə üçün?

Dənizçinin gözləri parıldadı.


– Bayaq dedim. Mənim qardaşımı öldürdüyünüz üçün.

Qoca sakitcə etiraz etdi:

– Mən əvvəlcə onun canını qurtardım.

– Hə, doğrudur, monsenyor, əvvəlcə qurtardınız, sonra öldürdünüz.

– Onu mən öldürmədim.

– Bəs kim öldürdü?

– Öz təqsiri. Sənin adın nədir?

– Mənim adım Qalmalodur. Ölümə hazırlaşmaq üçün sizə bir dəqiqə vaxt verirəm.

– Mənə nə üçün «monsenyor» deyirsən?

– Çünki aydındır ki, siz ağasınız.

– Sənin ağan varmı?

– Bəli. Özü də adlı-sanlı ağadır. Məgər ağasız yaşamaq olar?

– Bəs indi o haradadır?

– Bilmirəm. O bizim yerlərdən qaçıb. Adı markiz de Lantenakdır. Bretan şahzadəsidir. «Yeddi meşə» malikanəsi onundur. Mən onu heç vaxt görməmişəm. Lakin bu onun mənim ağam olmasına mane olmur.

– Sən onu görsəydin, sözünə qulaq asardınmı?

– Əlbəttə! Biz Allaha və krala itaət etməyə borcluyuq. Lakin indi bu söhbətlərin yeri deyil. Siz mənim qardaşımı öldürmüsünüz, mən də sizi öldürməliyəm.

– Qulaq as! – qoca dedi. – Sənin qardaşın öz vəzifəsini düzgün yerinə yetirə bilmədiyindən bədbəxtlik baş verdi. Korvet düşmən donanmasına rast gəldi, biz də Fransa sahilinə çıxa bilmədik. Biz əlimizdə qılınc və ağ bayraq Vandeyanın sədaqətli kəndlilərinə köməyə getməliydik. Fransanı qurtarmaq üçün! Kralı qurtarmaq üçün! İndi yeganə salamat qalmış adam mənəm, mən də bunun üçün gedirəm. Sən isə mənim yolumu kəsirsən. İndi ixtiyar səndədir. Öldür məni!

Dənizçinin rəngi qaçmışdı. Alnında iri tər damcıları görünürdü. Qoca susduqda o, tapançanı yerə atıb diz çökdü.

– Bağışlayın, monsenyor! – deyə göz yaşları içində səsləndi. – Mən sizin ixtiyarınızdayam! Əmr edin! Bütün əmrlərinizi yerinə yetirməyə hazıram!

– Mən səni bağışlayıram, – qoca dedi.

7

Otuz altı saatdan sonra onlar artıq sahilə yaxınlaşmışdılar. Qalmalo mahir dənizçi idi. Bacardıqca sahilə yaxın sürüb qayığı quma oturtdu.

Qalmalo soruşdu:

– Necə əmr edirsiniz, monsenyor: irəlidə gedib sizə yol göstərim, yoxsa arxanızca gəlim?

– Heç biri lazım deyil, – qoca dedi. – Hərəmiz bir tərəfə getməliyik. Sən buranın meşələrini tanıyırsan?

– Mən burada hər yeri tanıyıram.

– Qulaq as, Qalmalo. Sən sağa gedərsən, mən sola. Silahını gizlət. Çəpərdən özünə bir paya çıxar. Əvvəlcə Sent-Oben meşəsinə girərsən. Orada dərənin kənarında böyük bir şabalıd ağacı var. Bu ağacın altında dayan. Bayquş kimi ulayıb siqnal verərsən. Bizim parolumuz belədir: «Silah başına! Kimsəyə aman verməməli!» Demək, dərədə üç dəfə siqnal verərsən. Sonuncu siqnalı verdikdə sanki yerin altından bir adam çıxacaq. Bu adam Planşenodur, ləqəbi də «Kral qəlbi»dir. Sən bu kokardanı8 ona göstərərsən. Daha sonra meşələri dolaşıb orada gizlənən monarxistlərlə danışarsan. Sən La-Turq qəsrini tanıyırsanmı?

– Əlbəttə. Bu ki mənim ağalarımın ata-baba qəsridir. Orada yeraltı yol da var. Bu yolun olduğunu məndən başqa heç kim bilmir. Onu mənə atam göstərmişdi. Mən meşədən qülləyə qalxa bilərəm. Qüllədən də meşəyə elə qayıdaram ki, heç kəs məni görməz.

Qoca bir müddət susdu.

– Sən, yəqin, yanılırsan. Orada belə bir yol olsaydı, mən bilərdim.

– Monsenyor, mənə inanın. Divarda bir daşı çevirmək lazımdır.

Qoca, deyəsən, inanmadı.

– Yaxşı, – dedi, – boş yerə vaxt itirməyək. Sonra Monşevriye meşəsinə gedərsən. Ordan hərbi düşərgəyə keçərsən. Üzü qara adamlar görəcəksən. Onlar qəsdən üzlərinə his sürtürlər. Tapşırığımı onlara yetirərsən. Sonra isə digər düşərgələrə baş çəkər və hamısına parolumu çatdırarsan. Özün isə katolik kral ordusuna qoşularsan. Sağ qalmış bütün sərkərdələrlə görüşərsən. Mənim kokardamı göstər. Onlar bunun nə olduğunu bilirlər. Bu ayın axırına qədər mənim meşədə gizlənmiş beş yüz min əsgərim olmalıdır. Respublika ordusu – mənim şikarımdır. Bir də onlara de ki, ingilislər də bizimlədir. İnqilabı boğmaq lazımdır. Tapşırıqlarımı yerinə yetirə bilsən, sənə Müqəddəs Lüdovik ordeni verəcəyəm.

8

Qalmalo gözdən itənə qədər qoca yerindən tərpənmədi. Sonra bürüncəyinə bürünüb yola düzəldi. Çox hündür bir təpəyə qalxmağa başladı. Buradan bütün ətraf ovuc içi kimi görünürdü. Qoca uzaqlara baxmağa başladı. Kilsə zəngləri gecənin sükutunu pozurdu. Bu nə zəng səsləri idi? Yəqin, həyəcan zəngi çalırdılar. Bəs, görən, həyəcan zəngləri kimin üçün səslənirdi?

Bu dəmir iradəli adam diksindi.

Yox, ola bilməz ki, onu axtarsınlar. Onun burada olduğunu necə biliblər? Ola bilməz ki, kimsə bunu respublikaçılara xəbər versin. Axı sahilə bir az bundan qabaq çıxıb. Korvetdən isə, yəqin ki, heç kim xilas ola bilməyib.

Artıq bir neçə dəqiqə idi ki, başının üstündə və arxada xışıltı eşidirdi. Əvvəlcə buna fikir vermədi, lakin səs dayanmadığı üçün geri döndü. Bir parça kağız idi. Külək sütuna yapışdırılmış kağızı yellədirdi. Yazı iri hərflərlə çap edilmişdi ki, oxuna bilsin:

«FRANSA RESPUBLİKASI VAHİD VƏ BÖLÜNMƏZDİR!

BİZ – MARNA NÜMAYƏNDƏSİ PRİYOR VƏ ŞERBURQ SAHİL ORDUSUNUN KOMİSSARI ƏMR EDİRİK: ÖZÜNÜ BRETAN ŞAHZADƏSİ ADLANDIRAN, XƏLVƏTCƏ QRANVİLDƏ FRANSA SAHİLLƏRİNƏ ÇIXMIŞ SABİQ MARKİZ DE LANTENAK QANUNDANKƏNAR ELAN OLUNUR. ONUN BAŞINA QİYMƏT QOYULUB. ONU HÖKUMƏTƏ ÖLÜ, YAXUD DİRİ TƏHVİL VERƏN ADAMA ALTMIŞ MİN LİVR9 VERİLƏCƏK. BU PUL ƏSGİNAS İLƏ DEYİL, QIZIL İLƏ ÖDƏNİLƏCƏK! ŞERBURQ ORDUSUNUN BİR BATALYONU TƏCİLİ SURƏTDƏ YUXARIDA ADIÇƏKİLƏN MARKİZ DE LANTENAKI AXTARMAĞA GÖNDƏRİLİR. KƏND İCMALARI ƏSGƏRLƏRƏ YARDIM ETMƏYƏ ÇAĞIRILIR. QRANVİL, 2 İYUN 1793-cü İL.

İmza: Marna nümayəndəsi Priyor».

Qoca şlyapasını gözünün üstünə basaraq bürüncəyini düymələdi və iti addımlarla təpədən aşağı endi.

Ətrafda heç kim görünmürdü. Lakin yolayrıcına çatanda kimsə onu səslədi:

– Hara gedirsiniz?

Qoca dönüb baxdı. Arxasında onun kimi ucaboy, qoca və saçları ağarmış bir adam dayanmışdı. Ancaq geyimindən yoxsulluq yağırdı.

– Yaxşısı budur, siz deyin, mən haradayam? – qoca təkəbbürlə cavab verdi.

– Siz Tanis mülkündəsiniz. Mən buranın dilənçisiyəm, siz isə buranın ağasısınız.

– Mən?

– Elədir ki var, cənab markiz de Lantenak.

Markiz de Lantenak (biz bundan sonra onu belə adlandıracağıq) halını pozmadı:

– Deməli, məni ələ verə bilərsiniz.

– İkimiz də burada öz evimizdəyik: siz – qəsrdə, mən – meşədə. Siz Erb-en-Peyl fermasına gedirsiniz? Ora getməyin.

– Niyə?

– Orada göy mundirlilər peyda olub.

– Çoxdan?

– Üç gün olar.

– Fermadakılar, qəsəbə sakinləri, yəqin, onlara müqavimət göstəriblər?

– Yox, darvazanı onların üzünə açdılar.

– Bəs belə, – markiz mızıldandı. – Deyəsən, həyəcan zəngi çalırlar. Görəsən, nə ilə bağlıdır?

– Əlbəttə, sizinlə bağlıdır. Sizi axtarırlar… Gedək mənim hücrəmə. Bilirsiniz, cənab markiz, mənim hücrəm kasıb olsa da, etibarlıdır. Orda yatıb dincələrsiniz, sabah səhər göy mundirlilər çıxıb gedərlər, siz də istədiyiniz yerə üz tutarsınız.

Markiz bu adamı başdan-ayağa süzdü.

– Siz kimsiniz? – soruşdu. – Respublikaçısınız, yoxsa monarxist?

– Mən dilənçiyəm.

– Başıma qiymət qoyulduğundan, məni ələ verənin altmış min livr alacağından da, yəqin, xəbəriniz var?

– Sizi görəndə öz-özümə dedim: «Bu adamı ələ verən böyük sərvət sahibi olacaq. Onu tezliklə gizlətmək lazımdır!»

Markiz dilənçinin arxasınca getdi.

Onlar meşənin dərinliyinə girdilər. Dilənçinin qazması orada idi. İri palıd ağacının kökləri altındakı qazma alçaq və qaranlıq idi.

– Sizin adınız nədir? – markiz soruşdu.

– Adım Telmarşdır, ancaq məni «Səfil» deyə çağırırlar. Başqa bir ləqəbim də var – «Qoca». Çünki mən heç vaxt gənc olmamışam.

– Siz məni xilas edirsiniz.

– Monsenyor, yalnız… – Telmarşın səsi sərtləşdi: – …bir şərtlə ki, bura pis iş görməyə gəlməmisiniz.

– Mən yaxşı iş üçün gəlmişəm, – markiz cavab verdi.

– Çox yaxşı. İndi yataq.

Onlar bir-birinə sığınaraq dəniz yosunlarının üstündə yatdılar.

1Markitant – XVIII-XIX əsrlərdə orduda yeyinti şeyləri satan
2Korvet – yelkənli hərbi gəmi
3Karonada – qısalüləli qədim artilleriya topu
4Bretan – Fransanın şimal-qərbindəki yarımadada yerləşən əyalət
5Qraf de Artua – Fransa kralı XVI Lüdovikin qardaşı
6Marna – Fransanın şimal-şərqində yerləşən, Qrand Est regionunun departamentlərindən (inzibati şöbə) biri
7Gilyotin – 1792-ci ildə Fransa burjua inqilabı zamanı doktor J.Gilyoten tərəfindən ixtira edilən edam maşını
8Kokarda – hərbçi papağına vurulan nişan
9Livr – 1799-cu ildə frank dövriyyəyə buraxılana kimi Fransanın pul vahidi
Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»