20000 lyö su altı ilə

Текст
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
20000 lyö su altı ilə
Шрифт:Меньше АаБольше Аа

© Altun kitab MMC – 2019

Birinci hissə

Hərəkət edən qaya

1866-cı il unudulmayan izaholunmaz hadisələrlə yadda qalmışdı. Şayiələr sahil şəhərlərini narahat etmiş, hətta dənizçilər arasında həyəcan toxumu səpmişdi. Tacirlər, gəmi sahibləri, kapitanlar, hərbi dənizçilər, yerli hökumət bu hadisədən təşvişə düşmüşdü.

Söhbət ondan gedirdi ki, gəmilər açıq dənizdə uzunluğuna və hərəkət sürətinə görə balinadan üstün olan, ətrafa parlaq işıq saçan iynəyəbənzər, qəribə bir varlığa rast gəlirdilər.

Bu sirli varlığın eşidilməmiş sürəti və gücü, onun davranış xüsusiyyətləri barədə təsvirlər bir-birinə bənzəyirdi. Gözü ilə görənlərin sözlərinə əsasən, uzunluğu iki yüz ingilis futuna bərabər sayıla bilərdi. Əgər bu, heyvan idisə, onda elmə məlum olan bütün heyvanlardan iri və güclü idi.

Şayiələrin sonsuz bir həyəcan doğurması təbii idi. Axı insanların müəmmalı hadisələrə qapılmaq meyli var.

…20 iyulda “Qubernator Hinginson” gəmisi Avstraliyanın şərq sahillərində hərəkət edən bir qayaya rast gəlmişdi. Kapitan Bekker dənizdə yeni bir qaya tapdığını zənn etmiş və onun coğrafi koordinatlarını təyin etmək istəyirmiş ki, birdən həmin “qayanın” içərisindən iki su sütunu fışıltı ilə püskürərək iki yüz əlli futa qədər yuxarı qalxmışdı. Əgər bu, sualtı qeyzer deyildisə, deməli, burun dəliklərindən yuxarıya buxar qarışıq su püskürən dəniz məməlisi imiş.

23 iyulda isə “Xristofor Kolumb” gəmisi də həmin naməlum varlığı görə bilmişdi.

On beş gün sonra Atlantik okeanında rastlaşan “Helvesiya” və “Hanaan” gəmiləri də bu nəhəngə rast gəlmişdilər. Hər iki gəminin kapitanları bu məməlinin uzunluğunun üç yüz əlli ingilis futuna çatdığını iddia edirdilər. Halbuki Aleut adaları ətrafında rast gəlinən balinaların ən böyüyü yüz on beş futdan uzun olmur.

Bəzi ölkələrdə bu xəbərlərə gülürdülər. Lakin bu məsələ İngiltərə, Almaniya və Amerika hökumətlərinin ciddi marağına səbəb olmuşdu.

Alimlər arasında bu məsələyə inananlar da vardı, inanmayanlar da. Bu naməlum varlıq haqqında olan mülahizələr qızğın mübahisələrə səbəb olmuşdu. Nəhəngin müəmması bütün zehinləri məşğul edirdi. Mübahisələrdə gah bir, gah da digər tərəf uğur qazanırdı.

1867-ci ilin ilk aylarında bu məsələ ətrafında olan söz-söhbət və mübahisə nisbətən səngiməyə başlamışdı. Lakin gözlənilmədən ortaya yeni faktlar çıxmağa başladı. Söhbət olduqca ciddi bir təhlükədən gedirdi.

…25 mart gecəsi “Moraviya” gəmisi xəritələrdə göstərilməyən bir qayaya toxunmuşdu. Gəminin gövdəsi möhkəm olmasaydı, iki yüz otuz yeddi nəfər sərnişin və komanda heyəti dənizdə bata bilərdi. Növbətçi zabitlər okeanın üzünü çox diqqətlə müşahidə etsələr də, şübhəli heç nə görməmişdilər. Limana yetişdikdə gəmi kilinin[1] bir hissəsinin sınmış olduğu aşkarlanmışdı.

Əgər üç həftədən sonra buna bənzər bir hadisə yeni şəraitdə təkrarlanmasaydı, yəqin ki, “Moraviya”nın başına gələnlər tezliklə unudulacaqdı. Bu dəfə qəzaya uğrayan “Şotlandiya” ingilis gəmisi idi.

“Şotlandiya” gəmisi aprelin 13-də sakit və dalğasız sularda üzərkən qəflətən sağ tərəfdən almış olduğu zərbədən sarsılmış, bunun nəticəsində gəminin anbarında iki metr enində deşik əmələ gəlmişdi. Xoşbəxtlikdən, deşik maşın hissəsində deyildi. “Şotlandiya” yarıya qədər suya oturmuş halda üç gün gecikmə ilə özünü limana çatdıra bilmişdi.

Mühəndislər gözlərinə inana bilmirdilər. Gəminin gövdəsində bərabəryanlı üçbucaq şəklində deşik açılmışdı. Deşiyin kənarları hamar idi. Açıq görünürdü ki, gəminin dörd santimetr qalınlığında dəmir layını deşən silah müstəsna bir kəsərə malik imiş. Bu, tamamilə izahedilməz bir hal idi…

Bu hadisədən sonra camaatın naməlum heyvana olan sönmüş marağı yenidən alovlandı.

Lehinə və əleyhinə

Bu hadisələr baş verdiyi zaman mən Şimali Amerikanın Nebraska ştatında səyahətdə idim. Bir təbiətşünas və Paris Təbiət Tarixi Muzeyinin professoru olaraq məni Fransa hökuməti bu yerlərə tədqiqatlar üçün göndərmişdi.

Burada çox qiymətli bir kolleksiya toplayaraq 1867-ci il martın sonlarında Nyu-Yorka gəldim. Buradan Fransaya geri dönməli idim.

Nyu-Yorkda olduğum vaxt gəmilərin başına gələn əhvalatlar haqqında eşitdim. Bu sirli məsələ mənim də marağıma səbəb oldu. Bütün Nyu-York bundan danışaraq iddia edirdi ki, bu varlıq ya çox iri heyvan, ya da görünməmiş gücə malik bir sualtı gəmidir.

Lakin bu son fərziyyə Amerika və Avropada aparılmış araşdırmalardan sonra havaya sovruldu. Bir-birinin ardınca İngiltərə, Fransa, Rusiya, Almaniya, İtaliya, Amerika və Türkiyədən məlumatlar alındı. Bütün bu ölkələr bu işdən xəbərsiz olduqlarını bildirdilər. Doğrudan da, belə bir nəhəng maşının yaradılmasını heç bir dövlət gizli şəkildə həyata keçirə bilməzdi.

Bütün qəzetlər yalnız bu barədə yazırdılar. Mənim o vaxt Fransada “Dəniz dibinin sirləri” adlı ikicildlik bir əsərim çıxmışdı. Bu əsər elmi dairələrdə özünə diqqət çəkə bildiyi üçün yerli qəzet məni də baş vermiş hadisələrlə bağlı öz fikrimi bildirməyə dəvət etdi. Nə qədər boyun qaçırsam da, mümkün olmadı.

Aprelin 30-da yerli qəzetdə professor Pyer Aronaksın, yəni mənim bu məsələni təhlil edən məqaləm dərc olundu. Məqaləmdə göstərdim ki, okean dərinliklərindəki həyat bizə naməlumdur. Bu dərinliklərdə nələr olduğunu bilmirik. Biz hələ heç planetdə yaşayan heyvanların hamısını tanımırıq. Belə olduqda mən okeanların dibində böyük bir narvalın[2] yaşadığını ehtimal etdiyimi yazmışdım.

Narval, doğrudan da, xüsusi bir dişə, yaxud mizrağa malikdir. Paris tibb fakültəsinin muzeyində uzunluğu 2 metr, eni 48 santimetr olan bir mizraq saxlanılır. Gəlin ondan on dəfə böyüyünü təsəvvür edək… Mən belə bir fikir söylədim ki, bu, ola bilsin, zirehli freqatlar[3] kimi güclü zərbəyə malik bir narvaldır.

Bu məqalə qızğın hay-küyə səbəb oldu. Amma deməliyəm ki, fikrimi qəbul etməyənlər tərəfdarlarıma nisbətən azlıq təşkil edirdilər.

Hansısa nəhəng bir canlının mövcudluğuna insanlar getdikcə daha çox inanırdılar. Odur ki ingilislər və amerikalılar dənizləri bu qorxunc nəhəngdən təmizləməyə qərar vermişdilər.

Amerika hökuməti sürətli “Abraham Linkoln” freqatını təcili olaraq bu səfərə hazırlamağa başladı. Lakin freqatın tamamilə silahlanıb qeyri-adi şikarı ovlamaq üçün bütün cihazlarla təmin edilməsinə baxmayaraq, onun kapitanı Faraqut “Abraham Linkoln”u suya sala bilmirdi. Çünki o haraya gedəcəyini, nəhəngi harada, hansı dəniz və ya okeanda axtaracağını bilmədiyi üçün freqata hansı istiqamət verəcəyini qərarlaşdıra bilmirdi.

Elə bu arada Şanxay və San-Fransisko arasında səfər edən bir gəminin üç həftə əvvəl Sakit okeanın şimal hissəsində bu nəhəngə rast gəlməsi xəbəri yayıldı.

Bu xəbərin yayıldığı gün kapitan Faraquta təcili şəkildə dənizə çıxmaq əmri verildi.

Freqatın yola düşməsinə üç saat qalmış bir məktub aldım. Dəniz naziri Hobson mənə “Abraham Linkoln”un heyətinə qoşulmağı və Fransa hökumətini təmsil etməyi təklif edirdi.

“Ağam necə istərsə”

Əslində, dəniz nəhənginə olan marağım bir müddət idi ki, sönmüşdü. Lakin dəniz səfərinə dəvət məktubunu aldıqdan sonra anladım ki, mən insanlığı bu təhlükəli nəhəngin xətərindən qurtarmaq istəyənlərin yanında olmalıyam.

Əziyyət və çətinliklərlə dolu səyahətdən yenicə dönməyimə və dincəlməyə ehtiyacım olmasına baxmayaraq, mən hər şeyi unutdum və dəvəti qəbul etdim. Düşündüm ki, nəhəng narvalı məhv edə bilsək, onun mizrağının bir parçasını Paris Təbiət Tarixi Muzeyinə apara bilərəm.

– Konsel! – mən səbirsizliklə çağırdım.

Konsel mənim nökərim idi. Bütün səfərlərdə mənimlə olurdu. Bu yaraşıqlı gənc təbiətcə sakit, çalışqan bir adam idi. On iki il ərzində yanımda olduğundan çox şey öyrənmişdi. Bitkiləri və heyvanları növlərinə görə çox yaxşı öyrənsə də, bu bilikləri təcrübədə tətbiq edə bilmirdi. Onun otuz yaşı vardı. Məndən on yaş kiçik idi.

Konseli düz üç dəfə çağırdıqdan sonra o, nəhayət ki, gəlib çıxdı.

– Ağa mənimi çağırdı?

– Səni çağırdım, əzizim!.. Paltarlarımı təcili çamadanlara yığ! Mümkün qədər tez!

– Bəs ağamın kolleksiyaları?

– Onlar hələlik mehmanxananın mühafizəsində qalacaq. Sonra isə onları Fransaya yollayacaqlar. Artıq bu barədə sərəncam vermişəm.

– Deməli, Parisə dönmürük?

– Dönməyinə dönürük, amma kiçik bir dairə cızmalı olacağıq… Biz “Abraham Linkoln” freqatı ilə gedəcəyik.

– Ağam necə istərsə, – deyə Konsel sakitcə cavab verdi.

– Bilirsənmi, dostum, bu səfər nəhənglə bağlıdır. “Dəniz dibinin sirləri” əsərinin müəllifi olaraq mən bu səfərdən boyun qaçıra bilmərəm. Bu işdə kapitan Faraqutun yanında olmalıyam. Bu, çox şərəfli, eyni zamanda təhlükəli vəzifədir. Mənimlə getmək istərdinmi?

 

– Ağam hara gedirsə, mən də ora!

– Yaxşı-yaxşı fikirləş! Biz bu səfərdən qayıtmaya da bilərik.

– Mən ağamla getməyə hazıram.

On beş dəqiqə sonra çamadanlarımız hazır idi.

Fayton bizi Nyu-York küçələrindən keçirib düz Bruklin körpüsü yanında dayanmış gəmiyə aparan pilləkənin yanında dayandı. Sahildəki matrosların birindən kapitan Faraqutu harada görə biləcəyimi soruşdum. O mənə pilləkənin yanında dayanmış ucaboy, gülərüz bir zabiti göstərdi. Biz ona yaxınlaşdıqda zabit əlini mənə uzadaraq:

– Pyer Aronaks cənabları? – deyə soruşdu.

– Bəli. Siz isə kapitan Faraqut olmalısınız.

– Özüdür ki var. Gəmiyə buyurun, cənab professor! Kayutunuz sizi gözləyir.

Beləcə, biz tanış olduq.

Biz vaxt itirmədən göyərtəyə qalxdıq. Elə həmin dəqiqələrdə kapitan gəmini Bruklin körpüsündə saxlayan kəndirləri açmağı əmr etdi. Əgər on beş dəqiqə geciksəydim, bu səfərdə iştirak edə bilməyəcəkdim.

Sahilə yüz minlərlə insan yığışmışdı. Üç dəfə təkrar olunan “ura” səslərinin sədası altında gəmi yola düşdü.

Az sonra freqat sürət yığaraq Atlantik okeanının tutqun sularında üzürdü.

Ned lend

Kapitan Faraqut yaxşı dənizçi idi və öz vəzifəsinin öhdəsindən layiqincə gəlirdi. O, narvalın varlığına şübhə etmirdi. Faraqut and içmişdi ki, dənizçiləri ilə birlikdə onu tapıb məhv edəcək.

Gündüz saatlarında dorağacları nəhəngi arayan matroslarla dolu idi. Halbuki “Abraham Linkoln” Sakit okeanın şübhəli sularından hələ çox uzaqda idi. Hər kəs narvalı görmək, onu çəngəllə[4] tutmaq və gəmiyə çək-mək arzusu ilə alışıb-yanırdı. Çünki kapitan narvalı birinci görüb bu xəbəri verən adama mükafat verəcəyini vəd etmişdi.

Gəmidə əl çəngəlindən tutmuş, xüsusi toplar vasitəsilə atılan dişli oxlara qədər balinaovlayan silahlar var idi. Gəminin burnunda isə on altı kilometr məsafəyə sürətlə atan top dururdu.

“Çəngəlçilər kralı” Ned Lend də gəmidə idi. Kanadadan olan Ned Lend bütün dünyada ən usta balina ovçusu kimi tanınmışdı. Onun qırxa yaxın yaşı vardı. Hündürboy, möhkəm və sərt bir adam idi.

Ned Lend Kanadanın Kvebek şəhərindən idi. Bu şəhər isə uzun müddət Fransaya tabe olmuşdu. Ona görə də Ned fransız dilini çox yaxşı bilirdi. Bəlkə də, bu səbəbdən qaradinməz adam olan Ned mənimlə tez bir zamanda dostlaşdı. Görünür, o, fransızca ünsiyyət qurmaq imkanına çox sevinirdi.

Biz Nedlə tez-tez söhbət edir və mən onun qütb dənizlərində başına gəlmiş əhvalatları dinləməyi xoşlayırdım. Amma etiraf etməliyəm ki, bu cəsur adam bütün freqatda narvalın varlığına inanmayan yeganə adam idi.

Bir dəfə onunla söhbət zamanı soruşdum:

– Axı necə ola bilər ki, siz izlədiyiniz narvalın varlığına şübhə edirsiniz?

– Mən çox balina və narval qovub öldürmüşəm. Onlar nə qədər güclü və iri olsalar da, gəminin dəmir örtüyünü deşmək gücündə deyillər, – deyə Ned cavab verdi.

Mən etiraz etdim:

– Əgər belə bir heyvan bir neçə mil[5] dərinlikdə yaşayırsa, deməli, çox qüvvətli bir orqanizmə malik olmalıdır.

Bizim mübahisəmiz uzun sürsə də, mən Nedi nəhəng narvalın mövcudluğuna inandıra bilmədim.

Yola çıxdıqdan üç həftə sonra “Abraham Linkoln” Magellan boğazından yeddi yüz dəniz mili[6] məsafəsində idi. Bu o demək idi ki, biz səkkiz gündən sonra Sakit okean sularında olacaqdıq.

Kor-koranə təqib

İlk günlər hər hansı bir hadisə baş vermədi. Yalnız bircə dəfə Ned öz məharətini göstərə bildi. İyunun 30-da “Abraham Linkoln” Folklend adaları yaxınlığında olarkən Amerikanın balina ovlayan “Monro” gəmisinə rast gəldi. Gəmi kapitanı məşhur Ned Lendin bu gəmidə olduğunu bilib izlədikləri bir balinanı ovlamaqda onlara yardımçı olmağı rica etdi. Kapitan Faraqut onun “Monro”ya keçməsinə izin verdi. Kanadalının bəxti gətirdi. Bir balina əvəzinə ikisini çəngəllədi.

Gəmimiz Cənubi Amerika sahili boyunca Magellan boğazına sarı istiqamətlənmişdi. İyulun 6-da səhərə yaxın Qorn adasının yanından ötüb keçdik. “Abraham Linkoln” artıq Sakit okean sularında üzürdü.

– Diqqətli olun! Diqqətli olun! – bütün matroslar bu sözü təkrar edirdilər. Onlar kapitan Faraqutun vəd etdiyi iki min dollarlıq mükafatın xəyalı ilə gözlərini sulardan çəkmirdilər.

Məni bu mükafat maraqlandırmırdı, amma buna baxmayaraq, mən də gözlərimi sudan çəkmirdim, çünki nəhəng narvalı görmək istəyim çox böyük idi.

Ancaq matrosların verdiyi bütün həyəcan siqnalları nəticəsiz qalırdı. Qaraltılar hər dəfə ya balina, ya da kaşalot olurdu. Ned isə əvvəlki kimi inamsız idi. Hamıdan itigöz olsa da, o, günün çox hissəsini öz kayutunda keçirirdi.

İyulun 27-də biz ekvatoru keçdik və həmin gün Sakit okeanın mərkəzinə istiqamət götürdük. Faraqut nəhəngə bu dərin sularda rast gələcəyinə ümid bəsləyirdi. Gəmi daha sonra Markiz və Sandviç adalarının yanından ötərək Çin dənizinə sarı yönəldi.



Nəhayət, biz nəhəngə son dəfə rast gəlinən yerə çatdıq. Bütün ürəklər şiddətlə döyünürdü. Hamının gözü dənizdə olsa da, qarşımıza çıxan qaraltılar hər dəfə aldadıcı olurdu.

Nəhəng narvalı tapmaq ümidi ilə biz Sakit okeanın bütün şimal hissəsini eninə-uzununa ölçdük. Yaponiya sahillərindən Amerikaya qədər hər yeri axtardıq. Lakin nəhəng narvala bənzəyən heç bir şey tapılmadı!

Artıq freqatda həyəcan başlamışdı. Hamı aldandığını zənn edirdi. Evə dönməkdən başqa bir yol görünmürdü. Kapitan Faraqut vaxtilə Kolumbun[7] etdiyi kimi, ekipajdan üç gün səbir etməyi xahiş etdi. Əgər bu üç gündə bir nəticə hasil olmasa, gəminin burnunu evə sarı döndərəcəkdilər.

Vəd noyabrın 2-də verilmişdi. Adamların ovqatı yaxşılaşdı, onlar yenə də dalğalı sulara baxmağa davam etdilər. İki gün beləcə keçdi.

Mənimlə Konsel də bu qədər vaxtımızın boşuna getdiyinə görə təəssüf edirdik. Axşam kayutda oturub etdiyimiz səyahət barəsində Konsellə söhbət edirdik. Mən peşmanlıqla dedim:

– Konsel, adamlar bizə nə qədər güləcəklər…

– Böyük bir alim olan ağam gərək bu səfərə çıxmayaydı…

Konsel sözünü bitirə bilmədi. Qüvvətli bir səs cingilti ilə səssizliyi yardı. Bu, Ned Lendin səsi idi. O qışqırırdı:

– Ey! O buradadır. Bizim önümüzdədir!

Tam sürətlə

Bu çağırışla bütün ekipaj: kapitan, zabitlər, matroslar, bir sözlə, hamı çəngəlçinin yanına yüyürdü. Kapitan freqatı dayandırmağı əmr etdi.

Zil qaranlıq bir gecə idi. Gəmidən iki kabeltov[8] məsafədə sular sanki içəridən işıqlanırdı. Bu, adi bir fosfor işıltısı ola bilməzdi. Suya bir az çökmüş nəhəng ətrafa parlaq işıq buraxmışdı. İşıqlanmış sahə uzunsov yumurta şəklində idi. Qəflətən o bizə tərəf gəlməyə başladı. Göyərtədə hay-küy qopdu.

– Susun! – deyə kapitan komanda verdi. – Sükanı sola!.. Tam sürətlə irəli!

Freqat parlaq işıq mənbəyindən uzaqlaşmağa başladı.

Çox qəribə idi ki, bu qeyri-adi heyvan bizdən ikiqat artıq bir sürətlə üzürdü. O bizə yaxınlaşmaqda idi. Hamımız heyrətdən donub qalmışdıq. Heyvan sanki bizimlə zarafatlaşırmış kimi gəmini qovurdu. Freqatın ətrafında dairə cızaraq onu elektrik şüalarına qərq edirdi. Sonra o, iki-üç mil geriyə uzaqlaşdı və dəhşət saçan bir sürətlə gəminin üstünə cumdu. Gözlənilməyən bir anda o, gəmiyə iyirmi fut[9] qalmış dayandı və yoxa çıxdı. Birdən nəhəng, freqatın o biri tərəfində üzə çıxdı. Deyəsən, freqatın altından üzüb keçmişdi.

Freqat qaçmaqla canını qurtarmağa çalışırdı. Dənizə çıxdığı andan bəri nəhəngin izinə düşməyə can atan freqat indi özü təqib edilən vəziyyətə düşmüşdü. Kapitan Faraqutun üzündə böyük bir heyrət və qətiyyətsizlik oxunurdu.

– Bilirsinizmi, professor, mən nə böyüklükdə bir heyvanla qarşı-qarşıya durduğumu bilmirəm. Tanımadığın, bilmədiyin bir şeyə necə hücum edəsən axı? Bəlkə, səhərədək gözləsək, rollarımız dəyişər.

– Şübhəsiz, bu, nəhəng bir narvaldır. Özü də elektrikli narval.

– Ola bilər. Bu saat ona yaxınlaşmaq üzən minaya yaxınlaşmaq qədər təhlükəlidir.

Bütün gecəni heç kəs gözünü yummadı. Narval freqatı təqib etməkdə idi. Lakin gecəyarısı o, böyük bir atəşböcəyi kimi söndü. Bir saatdan sonra qüvvətli bir təzyiqlə ensiz deşikdən çıxan su səsinə bənzər qulaqbatırıcı bir fışıltı eşidildi. Ned Lenddən soruşdum:

– Bu, balinanın burun deşiklərindən püskürən suya bənzəyir, elə deyilmi?

– Bənzəsə də, bu, müqayisəyəgəlməz dərəcədə güclüdür. Bu heyvan, şübhəsiz, balina növündəndir. Sizin icazənizlə, hava işıqlaşanda ona ikicə kəlmə söz deyəcəyəm.

– Əgər o sizi dinləməyi münasib bilərsə, Ned Lend. Mən buna o qədər də arxayın deyiləm.

– Əgər dörd çəngəlin uzunluğu qədər ona yaxınlaşa bilsəm, məni dinləməli olacaq.

Gecə saat ikiyə yaxın elektrik parıltısı gəmidən beş millik məsafədə yenidən göründü.

“Lənət sənə, kor şeytan! Bu, qeyri-adi balina olmalıdır”, – deyə mən düşünürdüm.

Gecə döyüşə hazırlıqla keçdi. Balina ovu üçün nəzərdə tutulmuş silahlar göyərtəyə düzüldü. Kapitanın birinci müavini çəngəli bir mil məsafəyə atan çəngəl toplarının və partlayıcı güllə atan silahların doldurulmasını əmr etdi. Ned isə öz çəngəlini itiləyirdi.

Dan yeri qızardı. Narvalın elektrik parıltısı yox idi. Saat səkkizdə dənizi yüngülcə bürümüş duman dağıldı. İndi ətrafı görmək mümkün idi.

Yenə Nedin qışqırtısı eşidildi:

– Narval arxada, yeldöyən tərəfdədir.

Freqatdan milyarımlıq məsafədə qara və uzun bir gövdə sudan bir metrə qədər bayıra çıxmışdı. Ağ köpüklərdən əmələ gələn enli və əyri-üyrü iz onun yolunu göstərirdi. Mən onun uzunluğunu iki yüz əlli fut təyin etdim.

Freqat ona sarı yönəldi. Mən onu diqqətlə müşahidə edərkən birdən burun dəliklərindən qırx metr yuxarı qalxan su sütunu püskürdü. Bu onun tənəffüsü barədə müəyyən bir təsəvvür yaratdı. Öz əvvəlki mülahizəmin üstündə duraraq bu nəhəngin balinayabənzər bir heyvan olduğunu düşünürdüm.

Komanda böyük bir səbirsizliklə əmr gözləyirdi. Kapitan heyvana diqqətlə baxaraq ona yaxınlaşmaq əmri verdi. Savaş zamanı çatmışdı. Nəhəng heyvan bizə yarım kabeltov məsafəyədək yaxınlaşmağa imkan verdi. Sonra hərəkətə gələrək aradakı məsafəni saxlamaqla üzməyə başladı.

Bu təqib qırx beş dəqiqə davam etdi. Freqat aradakı məsafəni azalda bilmədi. Heyvanın hərəkət sürəti aradakı məsafəni azaltmağa imkan vermirdi. Qəribə bir qaçdı-qovdu idi. Bu, günortayadək davam etdi. Hiddət və qəzəb gəmini başına götürmüşdü. Biz bu hadisəyə heç bir izah tapa bilmirdik.

Kapitan Faraqut başqa vasitələri işə salmağa qərar verdi.

 

– Deməli, bu heyvan “Abraham Linkoln”dan iti üzür. Heç eybi yoxdur. Görək bombanı da keçə biləcəkmi? Bosman! Topçunu burundakı topa!

Beş dəqiqə sonra top atəş açmaq üçün hazır vəziyyətə gətirilmişdi. Nişan alındı. Atəş açıldı. Lakin mərmi narvalın üstündən ötüb keçdi.

– Başqa, daha mahir bir nişançı! Kim vura bilsə, mükafat alacaq! – deyərək Faraqut nəhəngi topla vurmaq fikrindən geri çəkilmədiyini nümayiş etdirdi.

Çalsaqqal qoca topçu topa yaxınlaşdı və diqqətlə nişan aldı. Mərminin uğultusu “ura” səslərinə qarışdı. Mərmi hədəfə dəydi, lakin heyvanın yuvarlaq gövdəsi ilə sürüşüb suya düşdü.

– Ah, şeytan! Bunun dərisi altı düymə zirehdəndir, nədir? – topçu qəzəblə bağırdı.

– Lənətə gələsən! – kapitan Faraqut da bağırdı.

…Təqib yenə davam edirdi. Ümid etmək olardı ki, heyvan buxar maşını ilə bacara bilməyəcək, yorulacaq. Lakin saatlar keçir, bu dəniz heyvanı isə yorulmaq bilmirdi. Yenidən axşam düşdü və zülmət gecə fırtınalı suları sardı.

Gecə saat on birə on dəqiqə qalmış freqatdan üç mil aralıda parıltı yenidən göründü. Narval sanki hərəkətsiz olaraq qalmışdı. Dalğaların üstündə yırğalanaraq yatırdı. Kapitan bəxtini sınamağı qərara aldı.

“Abraham Linkoln” heyvanı oyatmamaq üçün yavaş sürətlə irəliləməyə başladı. Kanadalı gəminin burun hissəsində yenidən öz yerini tutdu. Ned dəfələrlə yatmış balinaları çəngəllədiyi üçün bunu indi də etməyə hazır idi.

Mühərriklərin səsi nəhəngi oyatmasın deyə Faraqut onları söndürməyi əmr etdi. Əmrə o dəqiqə əməl olundu. İndi gəmi ətalət sürəti ilə irəliləməkdə idi. Hamı nəfəsini içinə qısmışdı. Biz bu yumurtaşəkilli heyvandan təxminən yüz addım aralı idik. Onun işığı gözlərimizi qamaşdırırdı.

Ned öz dəhşətli silahını irəli uzatdı. Freqat bu hərəkətsiz heyvana bir az da yaxınlaşdı. Arada iyirmi addımlıq bir məsafə qalmışdı.

Birdən Nedin əli qüvvətlə havada yarımdairə cızdı və çəngəl uçdu. Mən sanki bərk metala dəyməkdən qopan cingilti səsi eşitdim.

Elektrik işığı birdən-birə söndü və qəflətən freqatın göyərtəsinə iki sütundan su fışqırdı. Qüvvətli su axını adamları yerə yıxır, önündəki hər şeyi parçalayıb dağıdırdı.

Mən məhəccərdən tutmağa fürsət tapmayaraq suya yıxıldım.

1Kil – gəminin gövdəsinin möhkəmliyini təmin etmək üçün onun altına burun hissədən dal hissəyədək yerləşdirilmiş tir
2Narval – balinakimilər dəstəsindən olan nəhəng balıq növü
3Freqat – üçdirəkli hərbi gəmi
4Çəngəl – iri dəniz heyvanlarını ovlamaq üçün nəzərdə tutulmuş xüsusi alət
5Mil – təxminən 1600 metrə bərabər ölçü vahidi
6Dəniz mili – 1852. metr uzunluğunda məsafə ölçüsü
7Xristofor Kolumb (1451–1506) – 1492-ci ildə Amerika qitəsini kəşf etmiş ispan dəniz səyyahı
8Kabeltov -185,2 metrə bərabər dənizçilikdə istifadə olunan beynəlxalq ölçü vahidi
9Fut – təxminən 30 santimetrə bərabər beynəlxalq ölçü vahidi
Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»