Yerin mərkəzinə səyahət

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Yerin mərkəzinə səyahət
Шрифт:Меньше АаБольше Аа

Jül Vern

Yerin mərkəzinə səyahət

1

1863-cü il may ayının iyirmi dördündə dayım professor Otto Lidenbrok sürətli addımlarla öz evinə tərəf gedirdi. Onun evi Hamburqun ən qədim məhəllələrindən birində, Kral küçəsində yerləşirdi.



Professor evinə tez qayıtdığı üçün qulluqçumuz Marta fikirləşdi ki, yəqin, naharı hazırlamaqda gecikib, çünki plitədəki sup hələ bişməmişdi.



"Dayım səbirsiz adamdır, – öz-özümə düşündüm, – əgər acdırsa, indicə aləmi bir-birinə qatacaq".



– Cənab Lidenbrok gəldi! – Marta qonaq otağının qapısını azacıq aralayıb dedi.



– Hələ saat iki olmayıb axı, – Martaya dedim. – Kilsə saatları indicə ikinin yarısını vurdu.



– Bəs onda cənab Lidenbrok niyə tez qayıtdı?



– Yəqin ki, səbəbini izah edər.



– Bu da o. Mən qaçdım, cənab Aksel, siz onu sakitləşdirməyə çalışın.



Marta mətbəxə qayıtdı, mən tək qaldım. Qəzəblənmiş professoru sakitləşdirmək mənim kimi bir az zəif xarakterli adamın işi deyildi. Buna görə də yuxarıya – öz otağıma çıxmağı qərara aldım. İçəri təzəcə girmişdim ki, giriş qapısının cırıltısını eşitdim, evin sahibi cəld öz iş kabinetinə keçdi.



Gedə-gedə əsasını bir küncə qoyub şlyapasını stolun üstünə atdı və ucadan qışqırdı:



– Aksel, bura gəl!



Cəld əsəbiləşmiş dayımın kabinetinə qaçdım.



Dayım Otto Lidenbrok İohanneumda professor idi və mineralogiyadan mühazirələr oxuyurdu. Həftədə iki-üç dəfə hövsələdən çıxırdı. Yox, tələbələrin mühazirələrə vaxtında gəlib-gəlməmələri, ona diqqətlə qulaq asıb-asmamaları, dərslərə hazırlaşıb-hazırlaşmamaları onu maraqlandırmırdı. Onun mühazirələri fərdi səciyyə daşıyırdı. O, başqaları üçün yox, özü üçün oxuyurdu. Bu, əsl bilik xəzinəsi, eqoist bir alim idi. Almaniyada bu cür professorlar çoxdur.



Ancaq dayımın, təəssüf ki, nitq söyləmək qabiliyyəti yox idi. Mühazirə deyərkən tez-tez sözünə ara verməli olurdu. Qəliz sözləri, terminləri tələffüz edərkən yanılmamağa çalışırdı. Məlumdur ki, mineralogiya elmində belə çətinliklə tələffüz edilən terminlər kifayət qədərdir. Bəzən yadından çıxan hər hansı bir söz dilinin ucunda fırlanırdı. Onun tez-tez özündən çıxmasının səbəbi də bu idi.



Şəhər camaatı dayımın bu zəif cəhətini bilir, bundan sui-istifadə edirdi. Onu qəsdən cırnadır, hövsələdən çıxarırdılar. Lidenbrokun mühazirələrində az adam da iştirak edirdisə, bu o demək idi ki, onların çoxu professorun hirslənməyindən ləzzət almaq üçün gəlib.



Lakin bütün bu çatışmazlıqlarına baxmayaraq dayım əsl alim idi. İstənilən mineralı səhvsiz təyin edir, onu dövrümüzdə elmə məlum olan altı yüz növ mineralın içində düzgün təsnif edirdi. Bir sıra elmi cəmiyyətlərin üzvü idi. Onun rəyləri ilə hesablaşırdılar. Dövrünün bir sıra görkəmli alimləri ilə görüşmüş, fikir mübadiləsi aparmışdı.



Xarici görünüşünə gəldikdə isə əlli yaşında, ucaboy, arıq, ancaq güclü orqanizmi olan, yaşından on il cavan görünən bir kişi idi. Uzun, nazik burnu itilənmiş xəncərə bənzəyirdi. Yeriyəndə coşqun təbiətli adamlara xas olan bir tərzdə yumruqlarını sıxırdı.



Alman professoru üçün dayım nisbətən varlı hesab olunurdu. Yaşadığı ev içindəkilərlə birlikdə onun şəxsi mülkiyyəti idi. Ailəmiz dayımla məndən savayı, onun on yeddi yaşlı xaç qızlığı Qretxendən, bir də qulluqçu Martadan ibarət idi. Mən onun yetim qalmış bacısı oğlu və apardığı elmi təcrübələrdə əsas köməkçisiydim. Onu da etiraf edim ki, geologiya ilə məşğul olmaq xoşuma gəlirdi. Qiymətli daşların arasında heç vaxt darıxmırdım.



Beləliklə, Kral küçəsində yerləşən evin sahibinin coşqun xarakterinə baxmayaraq onunla birlikdə xoşbəxt yaşamaq mümkün idi. Dayım mənimlə bir az kobud davransa da, məni çox istəyirdi. Buna görə də ona tabe olmaqdan, dediklərinə əməl etməkdən başqa yolum yox idi. Bu fikirlərlə də onun kabinetinə tələsdim.



2

Kabinet əsl muzey idi. Burada mineralogiyaya dair bütün nümunələr toplanmışdı. Hər birinin üzərində adı yazılmış bu nümunələr müxtəlif bölmələr üzrə düzülmüşdü. Bu mineralların çoxunun adları mənə də tanış idi.



Ancaq indi içəri girərkən fikrim dayımın yanındaydı. O, məxmər çəkilmiş kreslosunda oturub əlində tutduğu qədim əlyazma kitaba heyrətlə baxırdı.



– Kitab belə olar! – deyə səsləndi.



Bilirdim ki, professor kitab həvəskarıdır, ancaq kitab onun gözündə o zaman dəyərli olurdu ki, o ya çətin tapılır, ya da özündə mühüm bir elmi sirr gizlədirdi.



– Buna bax, Aksel, – o dedi. – Bu, əvəzsiz bir xəzinədir, onu bu səhər dükandan almışam.



– Heyrətamizdir! – deyə yalançı heyrətlə onun sözünü təsdiq etdim.



– Hələ sən bunun cildinə bax! Gör kitab necə asanlıqla açılır! Üz qabığı da, səhifələri də yerindədir. Əladır!



– Bəs bu gözəl kitabın adı nədir? – deyə soruşdum.



– Kitabın adı "Xeyms-Krinql"dir, onu on ikinci əsrdə yaşayan Snorre Turleson adlı məşhur island yazıçısı yazıb. İslandiyanı idarə edən Norveç konunqları

1

1



Konunq

 – qədim skandinavlarda əsilzadə və sərkərdə



 haqqındadır. Özü də tərcümə deyil, təmiz island dilində yazılıb.



– Gör nə gözəl şriftdir! – deyə yenə kitabı yalandan təriflədim.



– Ay səfeh Aksel, nə şrift? Bu, runalarla – bir zamanlar İslandiyada istifadə olunan işarələrlə yazılmış əlyazmadır.



Birdən kitabın içindən yarıçürük bir perqament düşdü. Dayım əyilib onu götürdü və diqqətlə baxmağa başladı. Bu perqament onun nəzərində mühüm tarixi bir sənəd idi.



– Bu nədir? – dayım eynəyini yuxarı qaldırıb ucadan səsləndi. – Bu işarələr Snorrenin əlyazmalarına oxşayır. Bəs… onların mənası nədir?



Onun barmaqlarını əsəbi tərzdə tərpətməyindən anladım ki, yazılanlardan heç nə başa düşməyib.



– Hər halda, bu, qədim island dilidir, – o, burnunun altında mızıldandı.



Əlbəttə, professor Lidenbrok bu dili bilməliydi, axı o həm də gözəl dilçiydi. O, dünyada mövcud olan bir çox dillərdə və dialektlərdə gözəl başa düşür və bu dillərin böyük hissəsində sərbəst danışırdı.



Dayım get-gedə hövsələdən çıxmağa başlayırdı ki, saat iki tamam oldu. Marta içəri girib naharın hazır olduğunu xəbər verdi.



– İstəmirəm! – deyə professor acıqla dilləndi.



Marta qaçıb getdi, mən də onun dalınca. Bir müddət gözlədim. Professor gəlib çıxmadı. Yeməyi təzəcə qurtarmışdım ki, birdən ucadan danışıq səsi eşitdim.



Stoldan aralanıb bir sıçrayışla özümü dayımın kabinetinə saldım.



Dayım alnını qırışdırıb öz-özünə danışırdı. Məni görcək stolu göstərib:



– Otur burda, yaz, – dedi.



Mən bir göz qırpımında hazır oldum.



– İndi mən sənə bizim əlifbanın island işarəsinə uyğun gələn hər bir hərfini diktə edəcəyəm. Amma çalış səhv eləmə ha!



Mən yazmağa başladım. Qurtaranda anlaşılmaz sözlərdən ibarət olan cədvəl yarandı.



Dayım kağızı məndən alıb gözdən keçirməyə başladı.



– Bu nə deməkdir? – öz-özünə dedi. – Şübhəsiz, burada böyük bir məna gizlənir. Sadəcə onu aşkara çıxarmaq lazımdır. Ola bilsin ki, burada böyük bir kəşfə işarə edilir, ya da onu kəşf etməyin yolları göstərilir.



Sonra kitabı və perqamenti götürüb müqayisə etməyə başladı.



– Bu yazılar eyni əllə yazılmayıb, – dedi. – Şifrlənmiş yazı kitabdan xeyli sonra yazılıb. Əlyazma ilə sənəd arasında, ən azı, iki yüz il fərq var. Aydın məsələdir ki, kitab əldən-ələ keçib. Belə çıxır ki, sirli yazını kitabın sahiblərindən biri yazıb. Bəs bu adam kimdir, lənət şeytana? Görəsən, əlyazmanın səhifələrində adını yazmayıb ki?



Dayım eynəyini yuxarı qaldırdı, zərrəbini götürüb kitabın ilk səhifələrini səylə gözdən keçirdi. İkinci səhifədə mürəkkəb ləkəsinə bənzəyən bir şey vardı. Ancaq diqqətlə baxanda bir neçə silinmiş işarəni ayırd etmək olurdu. Dayım başa düşdü ki, əsas diqqəti elə buraya yönəltməlidir, bir az çalışandan sonra, axır ki, oxuya bildi:



– Arne Saknussem! – təntənəylə dedi. – Bu ki on altıncı əsrdə yaşayan məşhur əlkimyaçının adıdır.



Mən təəccüblə dayıma baxdım. O, sözünə davam etdi:



– Niyə də olmasın? Məgər Saknussem kimi bir alim kəşf edə bilməzdi? Ancaq burası da maraqlıdır ki, öz kəşfini şifrləməkdə nə məqsəd güdürmüş? Sənəd yüz otuz iki hərfdən ibarətdir. Burada yetmiş doqquz samit və əlli üç sait var. Belə çıxır ki, biz cənub dillərindən biriylə qarşılaşmışıq.



Onun gəldiyi nəticə doğru idi.



– Saknussem alim olduğu üçün öz doğma dilində yox, təbii ki, o dövrün ziyalıları arasında geniş yayılmış latın dilində yazırdı. Deməli, bunun latın dili olduğuna heç bir şübhə yeri qalmamalıdır. Biz bir az tər töküb bu şifri aça bilərik. Yeri gəlmişkən, sən latın dili üzrə mütəxəssissən. Bizə şifrin açarını əldə etmək lazımdır. Açarı əldə etsək, onu asanlıqla oxuyacağıq. Aksel, fikrin haradadır?



Mən bu suala cavab vermədim. Baxışlarım Otto Lidenbrokun xaç qızlığı Qretxenin portretinə yönəlmişdi. Qız indi qohumlardan birinin evinə getmişdi və mən ondan ötrü bərk darıxırdım. Etiraf edim ki, uzun müddət idi bir-birimizi təmiz məhəbbətlə sevirdik. Amma dayımın bu sevgidən xəbəri yox idi. Biz ondan xəbərsiz nişanlanmışdıq. Fikirləşmişdik ki, özünü elmə həsr etmiş bir geoloq bizim hisslərimizi başa düşməz. Qretxen mavigözlü qəşəng bir sarışın idi, ciddi və ötkəm xarakterə malik olması mənə olan sevgisinə heç bir xələl gətirmirdi.



Bu zaman dayım yumruğunu stola çırpıb məni xəyaldan ayırdı:



– Səninlə deyiləm? Məncə, cümlənin mənasını almaq üçün sözləri üfüqi yox, şaquli istiqamətdə yazmaq lazımdır. Görək bundan nə çıxır!



Mən sözləri yuxarıdan aşağı yazdım.



– Yaxşı, Aksel, indi buraya bir cümlə yaz. Ancaq hərfləri beş-beş, altı-altı sütuncuqlar şəklində yaz.

 



Mən onun dediklərini yerinə yetirdim.



– Əladır, – dayım dedi. – İndi cümləni oxumaq üçün hər sözün əvvəlcə birinci, sonra ikinci, sonra üçüncü hərflərini birləşdir və beləcə də davam et.



Mən böyük heyrət içində cümləni oxudum:



"Səni var qəlbimlə sevirəm, əziz Qretxen!"



Özümdən asılı olmayaraq yazdığım bu cümlə məni axmaq kimi ələ vermişdi.



– O-o-o! – professor dedi. – Deməli, sən Qretxeni sevirsən?



– Hə… Yox… – deyə utana-utana mızıldandım.



– Sən Qretxeni sevirsənmiş! Yaxşı, bu məsələni sonraya saxlayaq. İndi gəl başqa üsullara keçək, – deyə söhbəti dəyişdi.



Dayım bir neçə başqa üsuldan istifadə edib hərfləri mənə müxtəlif formalarda yazdırdı. Amma yenə də hərf yığınından başqa heç bir şey alınmadı. Güclü yumruq zərbəsindən stol silkələndi. Dayım yenə özündən çıxmışdı:



– Lənət şeytana, bu ki cəfəngiyyatdır!



Bunu deyib güllə kimi otaqdan çıxaraq küçəyə düşdü və var gücüylə qaçmağa başladı.



O gedəndən sonra bu qərara gəldim ki, hər şeyi Qretxenə danışım. Amma sonra fikrimi dəyişdim. Birdən dayım geri qayıdar, məni evdə tapmaz, lap əsəbiləşər. Bilirdim ki, dayım bu sirli şifri açmamış bir yerdə otura bilməyəcək. Ən yaxşısı elə evdə qalmaq idi.



Başqa işlə məşğul olmaq istədim. Amma sənəd yadımdan çıxmırdı ki, çıxmırdı. Təzədən onun üzərində işləməyə başladım. Hərfləri iki-iki, üç-üç birləşdirsəm də, bir şey çıxmadı. Ancaq on dörd, on beş, on altıncı hərflərdən ingilis sözü olan "ice" sözünü, daha bir neçə hərfdən isə “sir” sözünü düzəldə bildim. Nəhayət, sənədin düz ortasında bir neçə latın sözünü oxuya bildim. Ardınca bir yəhudi və bir neçə fransız sözünü də aşkar etdim. Müxtəlif dillərə məxsus olan "buz", "cənab", "qəzəb", "qəddar", "müqəddəs meşə", "dəyişkən", "ana", "soğan", "dəniz" sözləri arasında nə əlaqə ola bilərdi?



Birdən elə bil məni ilan vurdu. Qarşımda iki latın sözü dururdu: "craterem", "terrestre"! Çox həyəcanlanmışdım. Özümü ələ alıb sözlərdə gizlənən cümləni başdan-ayağa oxuya bildim. Yox, bu, inanılmazıdır! Doğrudanmı, bu səyahəti eləyən tapılıb…



– Yox, – deyə qışqırdım. – Dayım bunu bilməməlidir! Yoxsa o da həmin yerə səyahət edəcək. Bu cəsur geoloqu sözündən döndərmək mümkün olmayacaq! Professor özü də bu sirri aça bilər. Yaxşısı budur, onun əlinə keçməmək üçün sənədi yandırım!



Buxarıda od yanırdı. Bu vərəqi və Saknussemin perqamentini götürüb oda atmaq istəyirdim ki, otağın qapısı açıldı və dayım içəri girdi.



3

Mən cəld sənədi stolun üstünə qoydum. Professor Lidenbrok üzgün görünürdü. Ehtimal ki, gəzinti zamanı çox baş sındırmış, yeni-yeni üsullar üzərində fikirləşmişdi. O öz kreslosuna əyləşib riyazi hesablamaları xatırladan düsturlar yazmağa başladı.



Mən ona diqqətlə göz qoyurdum. Birdən sirri aşkar elədi, onda necə?



Dayım üç saat ərzində dayanmadan çalışdı, nə başını qaldırdı, nə bir kəlmə söz dedi. Mən yaxşı bilirdim ki, o bu hərflərdən bütün mümkün birləşmələri düzəltsə, axtarılan cümləni əvvəl-axır tapa bilərdi. Bu yazıda isə yüz otuz iki hərf vardı, bu hərflərdən o qədər söz birləşməsi düzəltmək olardı ki, sayı-hesabı bilinməzdi.



Vaxt keçdi, gecə düşdü. Küçələrin səs-küyü kəsildi. Dayım hələ də tapşırığın həlliylə məşğul idi. Qulluqçu Marta qapını açıb şam yeməyini yeyib-yeməyəcəyi barədə soruşanda da heç bir cavab vermədi. Marta çıxıb getdi. Mənsə divanda uzanıb yuxuyla mübarizə aparırdım. Amma bunun heç bir faydası olmadı. Yuxu məni apardı.



Səhər oyananda yorulmaz tədqiqatçının hələ də iş başında olduğunu gördüm. Gözləri qızarmış, saçları dağılmışdı. Rəngi qaçmış üzündə ləkələrin əmələ gəlməsi məqsədinə çatmaq üçün gərgin inadla çalışdığından xəbər verirdi.



"Yox, ona heç nə deməyəcəyəm, – ürəyimdə dedim. – Onu tanıyıram, bu səyahətə mütləq gedəcək, heç kəs onu sözündən döndərə bilməz. Başqa geoloqların eləmədiklərini etmək üçün həyatını təhlükəyə atmağa da hazırdır. Professora məlumat vermək onun məhvinə bais olmaq deməkdir. Qoy bacarırsa, özü tapsın".



Mən qərarımı verib gözləməyə başladım. Ancaq tezliklə Marta bazara getmək istəyəndə məlum oldu ki, qapı bayırdan açarla bağlanıb. Əlbəttə, onu axşam gəzintidən qayıdan dayım bağlaya bilərdi. Doğrudanmı o bizi ac saxlamaq fikrinə düşmüşdü? Bəli, belə də olmalıydı. Mən buna bənzər bir hadisəni xatırladım. Bir neçə il əvvəl dayım mineralların təsnif edilməsi üzərində işləyərkən bir dəfə düz qırx səkkiz saat heç nə yeməmiş, biz də onunla birlikdə ac qalmışdıq.



Mən başa düşdüm ki, səhər yeməyi də şam yeməyi kimi ləğv ediləcək. Yazıq Marta bərk həyəcanlanmışdı. Mən əzablara qəhrəmancasına dözməyə hazırlaşırdım. Dayım isə işləməyində idi.



Günortaya yaxın aclıq məni əldən salmağa başladı. Artıq güclə dözürdüm. Mənə elə gəldi ki, sənədi lazım olduğundan da mühüm hesab etmişəm. Dayım dediklərimə inanmayıb onları saxtakarlıq adlandıracaq. Hətta səyahətə çıxası olsa belə, onu bu fikirdən daşındıra biləcəyəm. Bu qədər tərəddüd etməyim mənə gülməli gəldi, sonda hər şeyi danışmağı qərara aldım.



Söhbətə başlamaq istəyirdim ki, professor qalxıb getməyə hazırlaşdı.



– Dayıcan! – deyə onu çağırdım. O, deyəsən, eşitmədi.



– Lidenbrok dayı! – ucadan dedim.



– Nədir? – o, yuxudan oyadılmış adam kimi soruşdu.



– Mən açarı tapmışam.



– Hansı açarı? Qapının açarını?



– Yox, sənədin açarını.



Professor əlimdən yapışdı və sualedici nəzərlə üzümə baxdı.



– Budur o! – qeydlər etdiyim kağız parçasını ona uzatdım. – Oxuyun.



– Axı bunun mənası yoxdur! – o, kağızı büküb etiraz elədi.



– Əgər əvvəldən oxusaq, mənası yoxdur, ancaq axırdan başlasaq…



Mən sözümü bitirməyə macal tapmamış professor bağırdı.



– Ay səni, kələkbaz Saknussem! – dedi. – Deməli, sən cümləni əvvəldən tərsinə yazmısan?



Kağızı qapıb titrək səslə oxumağa başladı. Tərcümə etdikdə mətn bu cür alınırdı:



“Ey cəsur səyyah, iyulun ilk günlərində Skartarisin kölgəsi Snayfelds kraterinə düşür. O zaman bu kraterlə Yerin mərkəzinə enə bilərsən. Mən orada olmuşam, – Arne Saknussem”.



Dayım bu sətirləri oxuyanda ilan vurmuş kimi dik atıldı. Otaqda var-gəl etməyə başladı. Kitabların birini götürüb o birini qoyurdu.



– Saat neçədir? – birdən soruşdu.



– Saat üçdür, – cavab verdim.



– Acından ölürəm. Tez süfrə başına. Sonra mənim çamadanımı yığışdırarsan. Özününkünü də.



– Yaxşı, – dedim.



İnsafsız professor yemək otağına getdi. Bu sözləri eşitcək kürəyimdən gizilti keçdi. Amma özümü ələ aldım. Professor Lidenbroku yalnız elmi dəlillər saxlaya bilərdi. Yerin mərkəzinə səyahət! Ağılsızlığa bax! Bunun əleyhinə çoxlu dəlillər gətirmək olardı. Nahardan sonra bu sübutları professorun qarşısına qoymağı qərara aldım.



Yeməkdən sonra dayımın kabinetinə qayıtdıq. Onun kefi kök idi.



– Aksel, – o, mülayimliklə dedi, – sən ağıllı gəncsən. Mən artıq axtarışlara son qoymaq istəyirdim ki, mənim köməyimə çatdın. Hər şeydən əvvəl səndən dönə-dönə xahiş edirəm ki, bu sirri heç kimə açmayasan. Elm aləmində paxıllar çoxdur, onlar da bizə qoşulub bu səyahətə çıxmaq istəyəcəklər. Halbuki bu səyahətdən yalnız biz geri qayıdandan sonra xəbər tuta bilərlər. Əgər sənədin sirrini bilsələr, Arne Saknussemin ardınca bütöv bir geoloq dəstəsi axışacaq.



– Mən buna əmin deyiləm, dayı, çünki sənədin etibarlılığı sübut edilməyib.



– Bəs tapdığımız kitaba nə deyirsən?



– Tutaq ki, doğrudur. Bəs necə bilmək olar ki, Saknussem bu səyahəti edib? Məgər sənəd saxta ola bilməzmi?



Dayım əvvəlcə qaşlarını çatdı. Sonra gülümsəyib dedi:



– Bunu yoxlayarıq.



– Mənə izah edə bilərsinizmi ki, Snayfelds və Skartaris nədir?



– Qalx, alim dostumun mənə hədiyyə etdiyi xəritəni gətir.



O, xəritəni məndən aldı, stolun üstünə sərib dedi:



– Bu, İslandiyanın xəritəsidir. Onun şərq sahillərinə bax. Bu sahillərin fyord adlı dar körfəzləriylə yuxarı qalxsaq, sümüyə bənzəyən bir yarımada görmək olar. Burada dənizdən yüksələn dağı görürsən? Snayfelds odur. Adanın ən məşhur dağıdır, hündürlüyü beş min futdur

2

2



Fut

 – 30,479 sm-ə bərabər ingilis uzunluq ölçüsü



. Onun kraterindən Yerin mərkəzinə yol gedir.



– Axı bu, mümkün deyil, – deyə etiraz etdim. – Bu krater, yəqin ki, lava ilə doludur, qayaları istidir və…



– Bəs əgər o, sönmüş vulkandırsa? Hazırda Yer kürəsində sönmüş vulkanların sayı fəaliyyətdə olanların sayından xeyli çoxdur. Snayfelds tarixboyu cəmisi bir dəfə püskürüb, sonra yavaş-yavaş sönüb.



– Bəs Skartaris nədir? – soruşdum. – İyulun ilk günləri nəyə lazımdır?



– Məsələ burasındadır ki, Snayfelds dağında bir neçə krater var. İsland alimi görüb ki, iyulun ilk günlərində Skartaris adlı dağ zirvələrindən biri yuxarıda dediyim kraterin üstünə kölgə salır, bu faktı o, sənəddə qeyd edib.



Dayım məğlubedilməz idi. Ancaq mən yenə etiraz etməyə, onu fikrindən daşındırmağa çalışdım:



– Yaxşı, tutaq ki, əlimizdə olan materialların hamısı doğrudur. Saknussem, həqiqətən də, həmin kraterlə Yerin mərkəzinə enib. Ancaq mən onun oradan sağ qayıtmasına inana bilmirəm.



– Hansı əsasla? – dayım istehzayla xəbər aldı.



– Sübut edilmişdir ki, Yerin daxilində istilik hər yetmiş futdan bir bir dərəcəyə yaxın artır. Bu hesabla Yerin mərkəzi sahələrində istilik iki min dərəcədən yuxarıdır. Bu da o deməkdir ki, Yerin təkindəki bütün maddələr odlu-maye və qaz halındadır. Hətta ən möhkəm metallar da bu istiliyə dözə bilməz.



– Səni istilikmi qorxudur? Bunlar müxtəlif nəzəriyyələrdir. Əvvəllər belə güman edirdilər ki, planetlərarası fəzanın temperaturu get-gedə aşağı düşür, ancaq indi bunun düz olmadığı sübut olunub. Ona görə də istiliyin müəyyən bir dərinlikdə təzədən azalması tamamilə mümkündür. Bir dəfə mən məşhur ingilis kimyaçısı Hemfri Deviylə görüşərkən Yerin nüvəsi haqqında nəzəriyyələri müzakirə etdik. O, nüvənin odlu-maye halında olmasını inkar etdi. Bildirdi ki, belə olsaydı, okeana bənzəyən ərgin kütlə Ayın cazibə qüvvəsinin təsirinə məruz qalar və Yerin dərinliklərində qabarma və çəkilmələr baş verərdi. Güclü təzyiq nəticəsində Yer qabığı çatlayar, tez-tez zəlzələlər ola bilərdi. Bu səbəbdən də bu nəzəriyyə sübut edilməyib.



– Bəs biz Yerin daxilinə ensək, orada bir şey görə biləcəyikmi?



– Əlbəttə, elektrik hadisələri bizimçün işıqlanma

Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»